Gənc fotoqraf Cavid Məmmədov “Metro İnsanları” adlı foto sərgisini təqdim edib.
Cavid Məmmədov uzun zamandır ki, Rusiyanın Moskva şəhərində yaşayır və təhsil alır. O, Moskvada interyer dizayn təhsili almaqla yanaşı, rəssam-fotoqraf olaraq da fəaliyyət göstərir.
O, Azərbaycanda yaşadığı müddətdə də dəfələrlə rəssamlıq və foto üzrə müxtəlif diplomların sahibi, müsabiqələrin qalibi olub.
Onun Moskva küçələrində çəkdiyi fotolar müsabiqədə mükafata layiq görülüb. C.Məmmədov son bir neçə ildir ki, Moskva metrosunda foto çəkilişləri həyata keçirir. Hazırda Bakıda olan fotoqraf fevralın 16-da saat “Cafe Media”da Moskva və Bakı metrosundan hazırladığı fotoların təqdimatını edib.
Təqdimatda tanınmış fotoqraflar, jurnalistlər və fotoqrafın dostları iştirak ediblər. Təqdimat zamanı fotoqraf çəkdiyi şəkillər haqqında məlumat verib. Onların bəzilərinin hekayəsini danışıb.
Sərgidə iştirak edənlər təqdimatdan razı qaldıqlarını bildiriblər: “Gözəl təqdimat idi. Sanki Moskvaya gedib-gəlmiş kimi oldum. Fotoqraf hər şeyə maksimum dərəcədə müsbət yanaşmağa çalışır. Bu da çox yaxşıdır. Fotoları çox bəyəndim”.
Səbəbkarın özü musavat.com-a açıqlama verib. C.Məmmədov deyir ki, Moskva metrosunda çəkdiyi fotolar heç asan başa gəlməyib: “Bu fotolar uzun zamanın bəhrəsidir. İnsanlar öz fotolarının çəkilməsini normal qarşılayırlar. Düzdür, bəzən əksi də olub. Məni qabağına qatıb, qaçırdan da olub. Amma ümumilikdə insanların davranışı çox yaxşıdır. Fotolarımın bəzilərinin maraqlı hekayələri var. Misal üçün bir dəfə bir yaşlı kişinin fotosunu çəkdim və onunla maraqlı dialoqumuz oldu. Həmin şəxs rəssam idi və belə bir söz dedi: “Ətrafdakı insanlara bax… Heç kim tələsmir. Qatarlar gəlir, əgər oturmaq üçün yer azdırsa, minmirlər. Bir sonrakı qatarı gözləyir ki, bəlkə daha da boş olar. Həyat da belədir. Qarşımıza çıxan şanslardan istifadə etmirik. Düşünürük ki, daha da yaxşı şanslar olacaq. Amma bu, düz deyil. Qarşımıza çıxan ilk şansdan istifadə etməliyik”. Mən də qarşıma çıxan ilk şansdan istifadə etdim”.
Biz də musavat.com olaraq, qürbətdə yaşayan azərbaycanlı fotoqrafımıza daha böyük uğurlar arzu edirik!
Məhəmməd TÜRKMƏN,
Fotolar müəllifindir.