İşğalçı ölkədə Qarabağın işğaldan azad edilməsini nəzərdə tutan anlaşmaya etiraz mitinqlərinə start verilib; tribunaya yenidən terrorçu təşkilatların rəhbərləri çıxır; Arzu Nağıyev: “Ermənilər bütün siyasi addımları atıb şoular yaratdılar ki, Azərbaycanın suverenlik məsələsi ikinci plana çəkilsin və ərazi bütövlüyü söhbəti olmasın”
Qarabağ ətrafında gedən proseslər işğalçı Ermənistanda narahatlıqla izlənilməkdədir. Ötən həftənin sonu İrəvanın Azadlıq meydanında müxalifətin növbəti mitinqi keçirilib və prezident Serj Sərkisyanın qarşısında konkret tələblər qoyulub.
Məlumata görə, aksiyada müxalif “Təsis parlamenti”nin üzvləri Arutyun Ağlamazyan və Vaqram Petrosyan, “Ayazn” partiyasının üzvü Armen Ovanisyan, “AİM” partiyasının üzvü Qagik Saruxanyan və məşhur yazıçı, publisist və ictimai xadim Varqdes Qaspari çıxış ediblər.
(Virtualaz.org) Varqdes Qaspari mikrofona üzərində “Serjik qatildir!” yazılmış şüarla çıxıb. Şüarda həmçinin 2008-ci ilin mart ayının 1-də öldürülmüş şəxslərin və Ermənistan ordusunun özbaşınalıq nəticəsində itirdiyi hərbçilərinin şəkilləri əks etdirilib. Müxalifətçilər bildiriblər ki, bundan sonra mübarizə formasını dəyişir və xalq şurası yaradılır ki, onun tərkibi növbəti gün elan ediləcək. Mübarizənin yeganə məqsədi Serj Sərkisyanın rəhbərlik etdiyi hakimiyyətin istefası və Ermənistanın Rusiya “müstəmləkəçiliyi”ndən qurtulmasıdır.
S.Sərkisyanın Rusiya səfərindən sonra İrəvanda torpaqların Azərbaycana qaytarılmasına etiraz mitinqlərinin keçirilməsi bir tərəfdən ermənilərin narahatlığının göstəricisi sayıla bilər. Təbii ki, işğalçı ölkə Rusiyanın aparıcı rol oynadığı danışıqların nəticəsində Putinin dediyi kimi, “hər iki xalqın qalib” olmasını istəmir və Azərbaycanı reallıqla barışmağa təhrik etmək niyyətindədir. Qeyd edək ki, bir sıra hallarda hətta həmsədrlər səviyyəsində də tərəflərin reallıqla barışdırmağına yönəlik sətiraltı mesajlar səsləndirilib, ancaq Azərbaycanın kəskin mövqeyi nəticəsində bu kimi yanlış mövqelər ortadan yığışdırılıb. İndi isə Rusiya XİN başçısı Sergey Lavrovun iddia etdiyi kimi, tərəflər heç zaman olmadığı qədər razılaşmaya yaxındır və belə bir situasiyadan ermənilər maksimum yararlanmağa cəhd göstərirlər. O da istisna deyil ki, İrəvandakı güzəştli sülhə etiraz aksiyasının arxasında elə S.Sərkisyanın öz iradəsi dayanır.
Qeyd edək ki, İrəvanın Azadlıq meydanındakı izdihamlı mitinqdə ilk dəfə ASALA-nın keçmiş üzvü, “Təsis parlamenti”nin üzvü Alek Yeniqomsyan da tribunaya qalxıb. Bir müddət öncə həbsdən azadlığa buraxılan ASALA üzvünün xalqın qarşısına çıxması Ermənistanın terroru dəstəkləyən ölkə olduğunu isbatlayır. Erməni terrorçusu öz çıxışında insanları torpaqların Azərbaycana qaytarılması barədə danışanlara qarşı mübarizə aparmağa səsləyib. “Demişəm və deyəcəyəm: torpaqları təhvil verməyə cəhd edəni özümüz torpağa təhvil verəcəyik”, – o deyib. Sərkisyan təhlükəli bir oyunda olsa da, Qarabağla bağlı daha radikal çıxışların səslənməsindən həm də məmnundur. Xatırladaq ki, bir az əvvəl o, özü də “canımı verərəm, Qarabağı yox” demişdi və beynəlxalq təşkilatlar, prosesə rəhbərlik edən ATƏT və onun Minsk Qrupu bu bəyanatı eşitməzliyə vurdu.

Ötən ay İrəvanda polis post-patrul alayının silahlı banda tərəfindən zəbtinə iki həftə ərzində göz yumaraq, bu etirazların Qarabağla əlaqəli olduğu barədə görüntü yaratmağa nail olan erməni prezident Moskva səfərinə bolluca “arqumentlər”lə getdi. S.Sərkisyan heç şübhəsiz Putini inandırmağa çalışıb ki, əgər o, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razılıq versə, hakimiyyətini erkən itirməli olacaq. Düzdür, Sərkisyan Ermənistanın qurudan-havaya qədər bütün ərazilərinə nəzarəti əlinə almış, sənaye müəssisələrini ələ keçirmiş Rusiya üçün əvəzolunmaz kadr deyil. Lakin yeni hakimiyyətlə dil tapmaq üçün müəyyən zaman lazım gələcək. Sözsüz ki, Rusiya İrəvandakı Kreml əleyhinə aksiyaları, Qərbə inteqrasiya tərəfdarlarının fəallığını da nəzərə alır və yeni hakimiyyət dönəmində ona çox çətin olacağını anlayır. O mənada Sərkisyanla davam etməyə daha çox üstünlük verir. O da istisna deyil ki, S.Sərkisyan hansısa “konstitusion islahatlar” nəticəsində hakimiyyətinin ömrünü uzada bilər, bu, qan tökməklə prezident kürsüsünü ələ keçirən Qarabağ canisi üçün heç də çətin deyil.
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında Sərkisyanın Rusiya səfərindən sonra ermənilərin narahatlıq keçirdiyini təsdiqlədi: “Bu narahatlıq Azərbaycanda baş tutan Azərbaycan-Rusiya-İran və Rusiyada keçirilən Türkiyə-Rusiya görüşündən sonra daha çox özünü büruzə verməkdədir. Məlumdur ki, hər bir dövlət beynəlxalq qanunlara istinad edərək münaqişənin məhz Azərbaycanın BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən sərhədləri hüdudunda və suverenliyi çərçivəsində həllini istəyirlər, bununla əlaqədar da dövlət başçıları bəyanatlar səsləndirirlər. Məhz ərazi bütövlüyü çərçivəsində də hər bir millətin öz müqəddəratını təyin etmək hüququna əsasən mərhələli şəkildə status məsələsindən söhbət gedə bilər”.
A.Nağıyevin fikrincə, ermənilər son vaxtlar demək olar bütün siyasi addımları atıb şoular yaratdılar ki, Azərbaycanın suverenlik məsələsi ikinci plana çəkilsin və ərazi bütövlüyü söhbəti olmasın.
Bu arada ermənilər növbəti oyuna start veriblər. Belə ki, Amerikanın Erməni Milli Komitəsi (ANCA) prezident Barak Obamaya müraciət edib. Bu barədə qurumun yaydığı məlumatda bildirilir. “ANCA ABŞ prezidentini Qarabağ münaqişəsinin ümumbəşəri dəyərlər və insan hüquqları prinsipləri əsasında tənzimlənməsinə yardım etməyə çağırır” – məlumatda belə deyilir. “ABŞ və beynəlxalq vasitəçilər strateji və geri dönməyən güzəştləri və Azərbaycandan qeyri-müəyyən statusu özündə ehtiva edən şüursuz Madrid prinsiplərindən imtina etməlidirlər”, – məlumatda bildirilir. Qərb Qarabağ münaqişəsinin “açarı”nın Rusiyada olduğuna eyham vurduğu bir zamanda ermənilər Kremldən üz çevirib ABŞ-dan kömək umurlar. Şübhəsiz ki, bu, Rusiyaya “təzyiq” məqsədi daşıyır.

A.Nağıyev də ermənilərin ABŞ prezidentinə müraciətini səbəbsiz saymır: “Məlumdur ki, Sərkisyan məhz Qarabağ məsələsi üzərində səhra komandirliyindən dövlət başçısı postuna qədər yüksəlib, bu postu zəbt edib və qondarma quruma da müstəqillik sözünü verib. Ancaq hazırda bu, alınmır. Məhz buna görə də artıq erməni lobbisi dünyada ikinci varianta əl atır və ABŞ-ı insan hüquqları ilə bağlı taktiki oyunlara çəkir. Məlumdur ki, bu il ABŞ-da seçkilər ilidir və elektoratın dəstəklədiyi məsələlərdən bir də insan haqlarıdır. Rusiya bu məsələdə suverenliyi və Azərbaycanı ön plana çəkdi, ermənilər dərhal ABŞ-da Rusiyanı şantaja başladılar. Hətta paralel olaraq İrəvanda da mitinqlərə start verildi. Düşünürəm ki, bunların hamısı Sərkisyan və onun komandasının seçkilərə qədər, daha doğrusu, 2017-2018-ci ilə qədər uzatmaq taktikasıdır, bu da hakimiyyəti təhvil verməklə cavabdehlikdən, daha doğrusu, cinayətlərdən canını qurtarmaq üçün atılan addımdır”.
***
İrəvandakı narahatlığı artıran amillərdən biri də Türkiyə-Rusiya əlaqələrinin bərpası, prezident R.T.Ərdoğanın Moskvada yüksək səviyyədə qarşılanması, dostluq və müttəfiqlik mesajlarının verilməsidir. Ermənistan Moskva və Ankaranın münasibətlərinin pozulmasından qazanacağını zənn etdiyi halda, gözlədiyinin əksi baş verməkdədir. Xatırladaq ki, elə iki dövlətin “soyuq müharibə”sinin davam etdiyi aylarda Rusiya XİN başçısı S.Lavrovun İrəvanda Ağrı dağının fotosunu mobil telefonu ilə çəkməsi, ardınca Roma Papasının Ermənistana səfəri zamanı ermənilərin iddia etdiyi Türkiyə ərazisinə doğru ağ göyərçinlər uçurması və s. hallar erməniləri xeyli ümidləndirmişdi. Ancaq Ərdoğan-Putin görüşü və bərpa olan əlaqələr bu ümidlərin üstündən xətt çəkdi. Xüsusilə də Türkiyə prezidentinin Moskva səfərindən sonra “5 rayon Azərbaycana qaytarılsa, Dağlıq Qarabağ probleminin nizamlanma prosesinin daha asan mərhələsinə keçəcəyini düşünürəm” deməsi düşmən ölkədə ajiotaj yaradıb.
R.T.Ərdoğan Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli formatının yaradılmasından da bəhs edib ki, bu da ermənilər üçün qorxulu yuxu kimi bir şeydir. İrəvan və ümumiyyətlə, erməni lobbisi daim çalışıb ki, Türkiyə hər hansı bir şəkildə Qarabağ məsələsinə təsir edə bilməsin. Son gəlişmələr isə Ankaranın prosesə müdaxiləsinə zəmin yaradır. Hətta formatın yaradılması Putinlə razılaşdırılırsa, demək, İrəvan narahat olmalıdır. “Bildiyiniz kimi hazırda Qarabağ məsələsi var. Bu məsələ ilə məşğul olan Türkiyənin də daxil olduğu Minsk Qrupu başqa nəticələr əldə edə bilərdi. Lakin ABŞ, Rusiya və Fransa olmaqla, yalnız 3 ölkə bu işin içindədir. 23-24 ildir ki, bu məsələni həll etmədilər, ya da həll etmək istəmədilər. Ortada işğal faktı var. Bu işğalı hər kəs qəbul edir. Madam ki, işğal var, bunu niyə həll etmirsiniz? Amma indi bəzi irəliləyişlər var. Vladimir Putin də bu məsələ üzərində işləyir”-Ərdoğan deyib.
Bu arada Azərbaycanda da Qarabağla bağlı prosesdən narahatlıqlar ifadə olunmaqdadır. Qarabağ Azadlıq Təşkilatı (QAT) Qarabağ münaqişəsinin həllinə dair son dövrdə ortaya atılan təklifləri sərt tənqid edən bəyanat qəbul edib. “
Qoy Azərbaycan hakimiyyəti də, dünya da bilsinlər ki, heç kəs Azərbaycan xalqına təslimçi sülhü sırıya bilməyəcək! Biz öləcəyik, amma buna yol verməyəcəyik!” – bəyanatda deyilir. Heç şübhə yoxdur ki, Azərbaycan hakimiyyəti təslimçi sülhə razılıq verməz, hətta Rusiyanın təzyiqləri olsa belə. Əgər Azərbaycan 90-cı illərin ağır dönəmində, iqtisadi, siyasi və hərbi cəhətdən indiki ilə müqayisə olunmayacaq dərəcədə çətin illərdə Qarabağı güzəştə getmədisə, indiki şərtlər daxilində buna heç zaman razılıq verməz. Amma danışıqlarda hakimiyyətin mövqelərini gücləndirəcək çıxışlar və bəyanatların olması, bəlkə Qarabağ mitinqinin keçirilməsi yalnız işin faydasınadır.
.jpg)
Düşmən ölkə getdikcə dərin dərənin dibinə yuvarlanmaqdadır, bunu ermənilər açıq şəkildə bəyan edirlər. “Ermənistan günbəgün boşalır və çox yaxın gələcəkdə boş balıqqulağına çevrilə bilər. Bu kimə lazımdır? Üç quldur zənginə? Bütün bunlardan sonra bəziləri hələ də Türkiyənin ”soyqırımı” tanımamasından danışır. Ermənistan özü isə çox ciddi fəlakətin astanasındadır”. Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, bütün dünyada məşhur şanson ifaçısı olan Şarl Aznavur bunları “Nouvelles d’Armenie” qəzetinə müsahibəsində deyib. Ş.Aznavur ardınca deyib: “İstəyirəm ki, Ermənistanda nəhayət xalq, ölüb gedən xalq üçün də nəsə yaradılsın. İndi Ermənistanda neçə erməni qalıb? Mənə deyirlər ki, 2,3 milyon, hakimiyyət isə 3,6 milyon nəfər deyir. Yalandır. Tezliklə bu rəqəm 1,8 milyon, daha sonra isə ümumiyyətlə, 1 milyon olacaq və büsbütün mafiyanın əlinə keçəcək. Həmin vaxt ölkəmizin rifahı üçün ümidlərimizi kimə bağlayacağıq? Çinlilərə?”
Hazırda hər kəs danışıqların növbəti raundunda hansı qərarların veriləcəyini gözləyir. Ermənistanın boşaldığı, ac-yalavacların məmləkətinə çevrildiyi halda, şou xətrinə Qubadlıda yeni yaşayış məskəninin açılışını keçirən erməni hakimiyyət bununla Azərbaycana və beynəlxalq aləmə təsir göstərməyə çalışır. Görünür aprel döyüşlərini başqa bir formada da xatırlatmaq ehtiyacı yaranacaq. Şuşanı da tərk edib İrəvana qaçan erməniləri Qubadlıda məskunlaşdıranlara növbəti bir dərs lazım olacaq.