Bu dəfə maşın karvanı Ukrayna hərbçiləri tərəfindən yoxlanılacaq 
“INTERFAX.RU”nun xəbərində deyilir ki, Rusiya Donbasa yenidən humanitar yardım göndərib. Bu barədə agentliyə humanitar yardımı təşkil edən dövlət rəsmilərindən Oleq Voronov məlumat verib.
O, bildirib ki, karvanda 100 ədəd yük maşını olacaq və həmin maşınlarla Donbasa 1200 ton humanitar yardım çatdırılacaq. Humanitar yardıma daxil olan mallar isə Donetsk və Luqansk hakim dairələrinin müraciəti əsasında tədarük edilib.
Agentlik bildirir ki, yola düşən bu karvan Ukraynanın şərqinə Rusiyanın göndərdiyi səkkizinci humanitar yardım olacaq. Maraqlıdır ki, bu dəfə göndərilən humanitar yardıma Ukrayna sərhəd xidmətindı baxış keçiriləcək.
Luqanskdan bildiriblər ki, humanitar yardımın bazar günü səhər saatlarında onlara çatacağı nəzərdə tutulub. Separatçılara bundan əvvəlki humanitar yardım isə noyabrın 16-da göndərilmişdi.
(Musavat.com)