Avropanın ən böyük enerji şirkəti sayılan Almaniyanın RWE AG şirkəti Almaniyaya Rusiya enerji resurslarının idxalını dayandırmaqdan çəkindirərək bunun əhaliyə və sənayeyə ciddi zərər vuracağını qeyd edib.
Bu barədə Elchi.az “Financial Times”a istinadən xəbər verir.
“Mən sanksiyaları mümkün qədər genişləndirmək çağırışlarını çox yaxşı başa düşürəm. Yenə də məqsədimiz Rusiya rəhbərliyini mümkün qədər zəiflədərək Ukraynaya dəstək verməkdir. Lakin təəssüf ki, biz əsasən enerji sektorunda, Avropanın, xüsusilə də Almaniyanın Rusiyadan yüksək asılılığını etiraf etməliyik”, – RWE-nin baş direktoru Markus Krebber bildirib.
O qeyd edib ki, Rusiya Federasiyasından enerji idxalının dərhal dayandırılması Almaniyada yaşayış binalarının qızdırılması üçün ağlasığmaz nəticələrə səbəb olacaq. Bundan əlavə, elektrik enerjisinin uzun müddət kəsilməsi sənaye istehsal müəssisələri, həmçinin kiçik və orta biznesə uzunmüddətli ziyan vuracaq.
Krebber onu da qeyd edib ki, RWE Almaniya hökumətinin Rusiyanın enerji resurslarından asılılığı azaltmaq planlarını dəstəkləyir və lazım gələrsə, 3,5 giqavata qədər kömürlə işləyən istehsalı bərpa etməyə hazırdır. Baş direktor bildirib ki, şirkət Böyük Britaniyada sıradan çıxmış kömürlə işləyən elektrik stansiyalarını artıq işə qaytara bilmir, lakin Britaniya hökuməti ilə “yaşıl” enerji sahəsində layihələrin sürətli icrası ilə bağlı danışıqlar aparır.
Bundan əvvəl RWE və onun rəqibi Almaniyanın “Uniper SE” şirkəti Rusiya tədarükçüləri ilə yeni uzunmüddətli müqavilələr imzalamayacaqlarını, lakin mövcud müqavilələr çərçivəsində xammal almağa davam edəcəklərini açıqlamışdılar.





