Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında ikitərəfli saziş tezliklə imzalanacaq.
Elchi.az xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində səfirlər və tanınmış Avropa və Azərbaycan ekspertləri tərəfindən “Şərq Tərəfdaşlığında birlikdə daha güclüyük. Azərbaycan üçün faydaları?” adlı seminarda çıxışında deyib.
Səfir Mixalko “Şərq Tərəfdaşlığı”nın tarixinə toxunaraq deyib ki, bu proqram strateji tərəfdaşlığa əsaslanıb, burada məqsəd tərəfdaş ölkələr və Aİ əlaqələrini dərinləşdirmək, eyni zamanda, tərəfdaş ölkələrin inkişafı və rifahına dəstək verməkdir.
Aİ səfiri çıxışında Ukraynadakı müharibəyə də toxunub. O, Rusiyanı Ukraynadan hərbi qüvvələrini çıxarmağa və bu ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırıb.
“Hazırda “Şərq Tərəfdaşlığı” tərəfdaş ölkələrin dayanıqlılığını gücləndirir. Aİ-nin əsas prioriteti Rusiya təcavüzü fonunda Ukraynanı dəstəkləməkdir. Biz baş verənləri yaxından izləyirik, Gürcüstan və Moldovanı dəstəkləyirik”, – o deyib.
Səfir Aİ ilə Ukrayna, Gürcüstan və Moldova arasındakı sıx əməkdaşlığın olduğunu da vurğulayıb: “Bu ölkələr üzvlük üçün müraciət edib. Aİ bunu müzakirə edir”.
Piter Mixalko Azərbaycanla Aİ arasında əməkdaşlıqdan da danışıb: “Dekabrda liderlərin sammitində Aİ ilə Azərbaycan arasında strateji əməkdaşlıq istiqamətləri vurğulandı. İkitərəfli sazişin əldə olunması münasibətlərə yeni təkan verəcək. İndi “Şərq Tərəfdaşlığı” olmadığı qədər vacibdir”.
Aİ rəsmisi Azərbaycanla Aİ arasında ikitərəfli sazişin imzalanmasının əməkdaşlığı yeni səviyyəyə daşıyacağını qeyd edib: “Azərbaycanla gələcək əlaqələrlə bağlı hüquqi baza mövcuddur. Yeni saziş də tezliklə imzalanacaq. Hər iki tərəfdə bu sazişin tez bir zamanda imzalanması üçün maraq var”.
Piter Mixalko Azərbaycanla Aİ arasında iqtisadi əməkdaşlıq perspektivinə də toxunub: “Azərbaycan tvinniq layihələrində öndədir, bu da müxtəlif sahələrdə əməkdaşlıq imkanlarına təkan verir. Biz Aİ və Azərbaycan arasında idxal və ixrac sahəsində artımı görməyə şad olacağıq. Aİ Azərbaycanda ən böyük xarici investordur. Azərbaycanın logistika sahəsində böyük potensialı var. Regionun Aİ üçün rolu böyükdür və gələcəkdə bu daha da güclənəcək”.
Təhsil sahəsində əməkdaşlığı qeyd edən Aİ səfiri deyib ki, azərbaycanlı tələbələr “Erasmus” proqramı çərçivəsində Aİ ölkələrində təhsil alır.
Aİ komissarının Azərbaycana səfərini xatırladan Peter Mixalko bildirib ki, Aİ Azərbaycandakı layihələr üçün 2 milyard avro vəsait ayırıb və bu vəsait 5 istiqamətdə ayrılacaq ki, bura da nəqliyyat dəhlizinin rəqəmsallaşması, kiçik və orta sahibkarlara, “ağıllı” və “yaşıl” şəhərlərə dəstək və s. daxildir.
“Aİ və Azərbaycan çox yaxın əməkdaşlıq edir, həmçinin “Şərq Tərəfdaşlığı”ı formatı Aİ ilə Azərbaycana geniş imkanlar təklif edir”, – Mixalxo vurğulayıb.





