Şəhid mayor Ruslan Cəfərovun ailəsinə verilən ev əlindən alınıb. Bu barədə şəhidin xanımı Nəzakət Cəfərova Elchi.az-a açıqlama verib.
Şəhidin xanımın qeyd etdiyinə görə dövlət tərəfindən bağışlanan evin sənədləri cəmi bircə gün onun əlində qalıb. Sənəddə səhv olduğunu bildirirək, düzəltmək adı ilə sənədlər onun əlindən alınıb.
N.Cəfərova həmçinin əlavə edib:
“Yoldaşım şəhid olandan sonra qaynanam məni evdən çıxartdı. Xeyli müddətdir çətinliklə yaşayıram. Əşyalarımın bir çoxunu satıb, qalanlarını ata evimə daşıdım. Dövlət mənə və yoldaşımın birinci həyat yoldaşından olan oğluna da ev verilmişdi. Uşağın evi onun əlində qalıb, mənim evim isə bayaq də qeyd etdiyim kimi sənəd səhvi adı ilə götürüldü. Bununla bağlı bütün qurumlara dəfələrlə müraciət etməsinə baxmayaraq, müraciətim nəticəsiz qalıb. Aidiyyatı qurumlardan bu məsələnin həll olunmasını xahiş edirəm”.
Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru olan Ruslan Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Cəfərov oktyabrın 11-də Hadrut döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Havar Şəfiyeva






