Səməd İsmayılov deyəndə istər-istəməz göz önündə namuslu, pak, vicdanlı, halallıqdan yoğrulmuş, sənətini varlığı qədər sevən vətənpərvər bir jurnalist canlanır.
Əvvəlcə, gəlin, deyilənlərlə jurnalisti üz-üzə qoyaq. Görək onun mətbuat sahəsindəki fəaliyyəti bu deyilənləri doğruldurmu?.
1954-cü ilin bahar fəsli idi. Stalin deportasiyası tufanlarına məruz qalan bu uşaq Şəmkir rayonundakı Çaparlı kənd yediillik məktəbinin dördüncü sinfinə qədəm qoydu. Böyük arzularla yaşayırdı. Əlaçı olmaqla yanaşı, həm də sinif nümayəndəsi idi. Günlərin birində müəllim və şagirdlər məktəbin zalına yığışaraq qonağın gəlməsini səbirsizliklə gözləyirdilər. Çox keçmədi ki, qonaq gəldi, öz şeirlərini oxudu.
Ertəsi günü Səməd Ağamalı müəllimə belə bir sualla müraciət etdi:
– Müəllim, şair nə deməkdir?
Ağamalı müəllim çox həssaslıq və qayğıkeşliklə sualı aydınlaşdıraraq dedi ki, şair şeir yazır, yazıçı nəsr əsəri, rəssam tablo yaradır. Qəzet və jurnal buraxanlara da müxbir, jurnalist və mühərrir deyirlər.
Elə bu söhbət gedərkən məktəbin direktoru İsmayıl Cəfərov sinfə daxil oldu və Ağamalı müəllimə tapşırdı ki, uşaqlara gələcəkdə kim hansı sənəti seçəcəyi barədə divar qəzetinə məqalə yazdırsın.
Ertəsi gün Səmədin, “Mən jurnalist olmağı arzulayıram” adlı məqaləsi divar qəzetinə yazıldı.
Elə həmin yaz günündə Oryol şəhərindən olan Lionid müəllimin Turgenyevin “Mumu” hekayəsini uşaqlara necə keçməsi barədə Səmədin məqaləsi “Azərbaycan pioneri” qəzetində dərc edildi.
Beləliklə, şagird Səmədin yazıları yerli və respublika qəzet və jurnallarında ardıcıl olaraq dərc edilməyə başladı. O, böyük arzularla yaşayırdı.
1957-ci ildə Səməd “Azərbaycan pioneri”ndə “40 bahar” Ümumittifaq müsabiqəsinin şərtlərini oxudu. SSRİ-nin yaradılmasının 40 illiyinə həsr edilən bu umumittifaq müsabiqəsinin şərtlərində bəyan edilmişdi ki, qaliblər 1958-ci ildə Kremldə keçiriləcək yolka şənliyində iştirak etmək hüququ qazanacaqlar. Səməd bu müsabiqənin qalibi oldu, lakin isti ayaqqabısı və paltosu olmadığına görə həmin şənlikdə iştirak edə bilmədi. Üçüncü sinifdə oxuyarkən anasını və altıncı sinifdə təhsil alarkən atasını itirən Səmədin Moskva şəhərində keçiriləcək həmin şənlikdə iştirak edə bilməməsi sanki onun körpə varlıığını əlindən almışdı.
Növbəti ildə belə bir müsabiqə komsomolun yaranmasının 40 illiyinə həsr edilmişdi. Səkkizinci sinif şagirdi Səməd İsmayılov dərslərinə nümunəvi qaydada hazırlaşmaqla yanaşı, bu müsabiqənin fəal iştirakçısı və qalibi oldu. Qaliblər 1958-ci ilin avqust ayında Moskvaya gedərək şəhərin görməli yerləri ilə tanış oldular. Səməd başqaları kimi Moskvada bir ay müddətində qaldığı günlərdə Kremlin silah otaqlarında, Movzaleydə, Lenin dağlarında, Xalq Təsərrüfatının Nailiyyətləri sərgisində və bir çox başqa yerlərdə gəzintidə olanda moskvalılar, müxtəlif yerlərdən toplantıya gələnlər onlardan soruşanda ki, sizin millətiniz hansıdır? Onlar hər dəfə qürurla cavab verərdilər: “Biz azərbaycanlıyıq”. Həmin adamlar millətimizi tanımadıqlarını bildirəndə Səməd hamıdan çox narahat olmuşdur.
Nəhayət, toplantının yekun mərhələsi Moskva şəhəri yaxınlığındakı Qaligina kəndi ətrafındakı meşədə keçirilməli idi. 3500 nəfər gənc üçün burada çadır şəhərciyi salınmışdı. Səməd bu düşərgədə yerləşdikləri küçəyə “Azərbaycan” adı vermiş, latış, eston və başqa millətlərdən olan uşaqlarla dostluq əlaqələri yaratmışdır. Toplantı başa çatdıqdan sonra Səmədin “Azərbaycan pioneri” qəzetində və “Qırmızı Şamxor” rayon qəzetində “Biz Moskvada olduq” adlı yazıları dərc edilmişdir.
Ötən ağrılı-acılı günləri Səməd müəllim belə xatırlayır:
– Mən məktəbdə təhsil aldığım illərdə 3 il kitabxanaçı, 1958-1960-cı illərdə Şəmkir rayonunun indiki Çinarlı kəndindəki üç orta məktəb üzrə şagird istehsalat briqadasının rəhbəri və bu kənddəki Həzi Aslanov adına milyoner sovxozda çıxan çoxtirajlı “Yüksək məhsul uğrunda” qəzetində məsul katib işləmişəm.
Elə həmin vaxtlarda respublikamızda şagird istehsalat briqadalarının iş təcrübəsindən kitab yazan pedaqoji elmlər namizədi, İsmayıllı rayon təhsil şöbəsinin müdiri rəhmətlik İsrafil Həsənov da sovxoza gəlib bizim iş təcrübəmizlə tanış olarkən fəaliyyətimizdən razı qaldığını bildirdi. Bir neçə aydan sonra qələmə aldığı kitabdan bir neçə nüsxə bizə göndərdi. Həmin kitabda uşaqların fəaliyyətini əks etdirən bir neçə səhifədə yazı və şəkillər dərc edilmişdi.
Maddi çətinliklər üzündən M.P.Vaqif adına kolxozda fermer kimi də çalışdım. Hazırda 15 ilə yaxındır ki, “Xalq sözü” qəzetinin baş redaktoruyam. Düz 49 ildir ki, rayon qəzeti redaksiyasında çalışıram.
Şərəfli ömrün 75, bir kollektivdə çalışmağımın 49 illik zirvəsindən yıxılıb dura-dura keçib gəldiyim yollara boylanıram. Jurnalistika sahəsində ali təhsil almaq, bu şərəfli sahədə namusla, qeyrətlə, həm də vicdani məsuliyyətlə xalqa, Vətənə xidmət etmək, yurd-yuva sahibi olmaq, ailə həyatı qurmaq və s. kimi qarşıda həyata keçirilməsi vacib olan vəzifələr bu illərin payına düşür.
1966-cı ilin baharından “Qızıl ulduz” qəzetində korrektor işləməyə başladım. 1967-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika şöbəsinə daxil oldum. Müsabiqəyə 300-dən çox müxtəlif janrlı yazılar təqdim edəndə universitetin müəllimi Ceyran Əbdürrəhimova mənə: “Səməd, sənin böyük gələcəyin var. Ola bilsin həyatda çətinliklərlə, uğursuzluqlarla qarşılaşacaqsan, çalış ki, heç nə səni ruhdan salmasın”, – demişdi.
Yaradıcılığnın əsasını vətənpərvərlik mövzuları təşkil edir. O vaxt gənc jurnalist xalqımızın igid oğullarının göstərdikləri qəhrəmanlıqların izinə düşərək məzuniyyət vaxtlarında Moskva, Leninqrad, Riqa, Kiyev, Minsk, Kalininqrad və Smolensk kimi şəhərlərin arxivlərində, qardaşlıq qəbirstanlıqlarında oldu. O yerlərdə uyuyan vətən övladlarının əziz xatirəsini özü ilə apardığı Azərbaycan torpağı, tər qərənfillərlə yad edirdi. Onlarla naməlum əsgəri üzə çıxarıb, illərlə unudulub qalan orden və medalları öz ünvanlarına çatdırırdı. Azərbaycanlı döyüşçülərin göstərdikləri igidliklər barədə “Qızıl ulduz”, “Kommunist”, “Bakinski raboçi”, “Sovet kəndi”, “Azərbaycan gəncləri”, “Azərbaycan pioneri” qəzetlərində, “Ulduz” jurnalında və s. mətbuat orqanlarında yazılar dərc etdirdi. Bu barədə dəfələrlə radio və televiziyada çıxışları oldu. Onun İkinci Dünya müharibəsində hünər göstərmiş azərbaycanlı igidlərdən bəhs edən yazıları “Nedelya”, “Radyanskaya pravda”, “Çerkasskaya pravda” qəzetlərində işıq üzü gördü. Latviyanın Saldus rayonunun tarix-diyarşünaslıq muzeyində həmyerlimiz Rəşxan Quliyevin, Çerkassk vilayətinin Drabov rayonunda Şullan İslam oğlu Mehdiyevin, Kaluqa vilayətinin Spaksk-Demyansk rayonunda Həsrət Paşayevin haqqında guşələr təşkil edilməsinə nail oldu. Həmin qardaşlıq qəbiristanlıqlarından gətirdiyi torpaqları İmişli rayon tarix-diyarşünaslıq muzeyinə təqdim etdi.
Erməni faşistləri torpaqlarımıza hücum etdiyi dövrdə tez-tez döyüşçülərimizin yanında olmuş, qələbəyə ruhlandıran yazılarla çıxış etmişdir.
Jurnalisti narahat edən cəhətlərdən biri də Qarabağ döyüşlərində həlak olan və rayonun Şəmədli qəbiristanlığında uyuyan on nəfər naməlum əsgərin sahiblərinin indiyədək tapılmamasıdır.
O, həmin şəhidlərin ölü şəkillərini əldə edərək Respublika televiziyasında göstərməyə nail oldu. Onlardan yalnız dördünün sahibi tapıldı. Vətənini və xalqını canı, qanı qədər sevən Səməd müəllim başladığı bu xeyirxah işini özü kimi insanlarla əl-ələ verərək davam etdirir. İmişli Şəkər zavodunun koordinatoru İsmayıl Müslümzadənin şəxsi vəsaiti hesabına naməlum əsgərlərin qəbirlərinin üstü götürülmüşdür.
Hazırda isə “Təknur” MMC-nin direktoru Ələkbər Məməmdovun şəxsi vəsaiti hesabına dərgi çap edilmiş və orada naməlum əsgərlərin şəkilləri verilmişdir. Həmin dərgi respublikamızın əksər rayonlarının İcra Hakimiyyətlərinə, hərbi komissarlıqlarına, əlaqədar nazirliklərə və televiziya verlişləri redaksiyalarına göndərilmişdir.
Bununla da Səməd İsmayılov bu şəkillərin kimə məxsus olduğunu aydınlaşdırmaq, gözü yolda qalmışların intizarına az da olsa, son qoymaq istəyir.
S.İsmayılov uzun illərdən bəridir ki, rayonda mədəni quruculuq işlərinin həyata keçməsində, nöqsanların aradan qaldırılmasında jurnalist qələminin gücündən bacarıqla istifadə edir. Eyni zamanda yerli mətbuatın ətrafında müxbirlərin toplanılmasına da köməkliyini əsirgəmir. Onun yetirmələrinin əksəriyyəti indi respublikamızın nüfuzlu mətbuat orqanlarında çalışmaqdadırlar.
Səməd Cabbar oğlu İsmayılov İmişlidə YAP yaradanlardan biridir. O, 1998-ci ilin oktyabrında Heydər Əliyevin növbəti 5 il müddətində Prezident seçilməsi üçün səlahiyyətli nümayəndə kimi İmişli, Kürdəmir, Ucar, Göyçay, Ağsu və Şamaxı rayonlarında olaraq imzalar toplamışdır.
Səməd İsmayılov haqqında, onun jurnalistik fəaliyyəti barədə respublikanın ən nüfuzlu qəzetlərində müxtəlif vaxtlarda kifayət qədər yazılar getmiş və onun jurnalistika sahəsində gərəkli olduğu tam mənasında təsdiqlənmişdir.
Bu fikrin aydınlığını biz onun bir-birinin ardınca yüksək səviyyədə qələmə almış olduğu kitablarında daha aydın görə bilərik.
“Yeri görünən adam”, “Şərəfli ömrün bir ili”, “Yarı Qara dəniz, yarı göy Xəzər” və nəhayət, həyatının manifesti hesab edilə bilən “Keçmişim gələcəyimin müəllimidir” əsərləri Səməd İsmayılov yaradıcılığının çoxsahəli olduğundan xəbər verir. Əmək veteranı, ehtiyatda olan kapitan, “Qızıl qələm” media mükafatı laureatı olan Səməd Cabbar oğlu İsmayılov müxtəlif vaxtlarda SSRİ Xalq Nəzarəti Komitəsinin, Azərbaycan Jurnalistlər Birliyinin, Respublika Müdafiə Nazirliyinin, Hərbi Komissarlığın, Azərbaycan Komsomolunun, YAP rayon təşkilatının və rayon rəhbərliyinin fəxri fərmanlarına və başqa mükafatlara layiq görülmüşdür. İmişli rayonunun yaradılmasının 85 ilində onun layiqli payı vardır.
Səməd müllimin jurnalist qələmi öz kəsərini bu gün də saxlamaqdadır. Onun qəlbində hələ yerinə yetirilməmiş neçə-neçə arzu, qələmə alınmamış mövzular durur. Heç şübhə etmirik ki, bunlar da yaxın zamanlarda öz həllini tapacaq və Səməd İsmayılovun potensial yaradıcılıq imkanlarının bitib-tükənmədiyinin bir daha şahidləri olacağıq. Əziz dostumuza bu sahədə yeni-yeni uğurlar arzulayırıq.
Davud Dəmirli,
fəlsəfə doktoru PS. Hörmətli, dostumuz Səməd müəllim! Fürsətdən istifadə edib, Sizi bu il İmişlidə təntənəli qeyd olunan 75 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirik, ilahi neməti olan can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq. Səməd müəllim, doğru buyurulur ki, həyatın ən böyük müəllimi ehtiyacdır. Siz dərdinizi-ələməinizi sevə-sevə qələmə almağı bacardığınız üçün, xoşbəxt insansınız. Sizin günləriniz, aylarınız zamanın ehtiyac adlı süzgəcindən neçə-neçə illərin xatirəsində dərin və yaddaşdan silinməyən əbədi bir iz qoyub. Sizin bu gün də jurnalist qəlbinizdə hayqıran keçmişinizin harayı, hələ çoxlarının gələcəyi üçün müəllim olacaq! Yeni yaşınız mübarək!
“Region-Press” qəzetinin əməkdaşları




