Azərbaycan-Ermənistan təmas xəttinin qərb istiqamətində axşam saatlarında baş verən atışma nəticəsində Ermənistan ordusu itki verib.
Virtualaz.org xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovanisyan “erməni əsgərinin atışma zamanı Azərbaycan ordusunun mövqelərindən açılan atəşlə vurulduğunu” bildirib. “İnterfaks” məlumat verir ki, həmin əsggər Arman Arutyunyandır. O, müqavilə əsasında müddətdən artıq xidmət keçən hərbçi olub. İnsident Ermənistanın Tavuş vilayətinin Azərbaycanla sərhəd Voskevan kəndində baş verib.
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi bildirmişdi ki, Azərbaycan ordusu təmas xəttində növbəti diversiya cəhdi edib və itki verərək geri çəkilib. Lakin Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı təkzib edərək ordumuzun heç bir itki vermədiyini və bütün təmas xətti boyu vəziyyəti nəzarət altında saxladığını bəyan edib.



