Bu gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq idarəsinin rəisinin birinci müavini Mikael Ambarsumyan İrəvanda keçirdiyi mətbuat konfransında ötən ilin noyabrnda həbs edilmiş silahlı qrupun istintaqına dair bəzi detalları açıqlayıb.
Ambarsumyan deyib ki, həmin qrupun əsas məqsədi Ermənistanda silahlı dövlət çevrilişi həyata keçirməkdən ibarət idi.
Qrupun hədəfində dövlət hakimiyyət orqanları, o cümlədən prezident iqamətgahı, parlament, Konstitusiya Məhkəmsi, habelə İctimai Televiziya olub. Çevrilişi noyabrın ortalarında həyata keçirmək nəzərdə tutulurdu.
Qrup üzvləri hüquq-mühafizə orqanlarının diqqətini sentyabr-oktyabr aylarında cəlb edib. Onların öz aralarında danışmaq üçün istifadə etdikləri telefon nömrəsi dinlənilib.
Silahlı qrupun üzvləri dövlət çevrilişinə hazırlıq məqsədi ilə Serj Sərkisyanın iqamətgahı da daxil olmaqla hücum planlaşdırılan binaların yerləşdiyi ərazini, videomüşahidə kameralarının yerlərini öyrəniblər.
Prezidentin mühafizə xidmətinin necə işlədiyini araşdırmaq üçün qrup üzvləri Sərkisyanın Gümrüdə kilsə açılışındakı iştirakını videokameralara çəkiblər.




