“The Associated Press” agentliyinin xəbərində deyilir ki, bazar günü İran bəyan edib ki, Livan ordusuna və şiə təşkilatı olan “Hizbullah”a terrorçularla mübarizəsində kömək etməyə hazırdır.
Agentlik qeyd edir ki, İranın bu bəyanatı rəsmi Tehranın regiondakı əsas rəqibi Səudiyyə Ərəbistanının Livanla bağlı niyyətini açıqlandıqdan dərhal sonra səslənib. Əl-Riad bildirib ki, Fransa üzərindən Livan ordusuna 3 milyard dollarlıq yardım etmək fikrindədir.
“The Associated Press” bildirir ki, Suriyada gedən vətəndaş müharibəsi Livanı ikiyə bölüb. Yerli sünnilər Bəşər Əsədə qarşı vuruşan üsyançıları, “Hizbullah” isə rəsmi Dəməşq rejimini müdafiə edir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şamxani TV çıxışı zamanı deyib ki, Livan xalqını müdafiə etmək, ordu və müqavimət hərəkatına arxa olmaq İranın gündəmində qalmaqdadır. Rəsmi İran müqavimət hərəkatı dedikdə “Hizbullah” təşkilatın nəzərdə tutur. Rəsmi Tehranın nəzərində “Hizbullah” İsrailə qarşı müqavimət göstərdiyinə görə, onlar müqavimət hərəkatı kimi təqdim olunur…
“İran Livanın və regionun təhlükəsizliyinin gücləndirilməsi üçün öz təcrübəsini bölüşməyə hazırdır, biz terrorçulara qarşı mübarizədə də Livanın yanındayıq”, Əli Şamxani Livanın müdafiə naziri Samir Moqbel ilə görüşü zamanı belə deyib. Cənab Moqdel İran prezidenti Həsən Ruhani ilə də görüşüb.
Agentlik bildirir ki, İran “Hizbullah”ın əsas müttəfiqlərindən biridir. Bu şiə təşkilatı rəsmi Livan ordusundan qat-qat güclüdür.
İran müdafiə naziri Hüseyn Dehqan isə deyib ki, İran Livana hərbi dəstək verməyə hazırdır və Livan ordusunun sünni ekstremistlərlə savaşına da yardım edəcək.
Cənab Şamxani ötən ay Beyrutda olub və bu ölkənin müdafiə məsələləri ilə bağlı Livan rəhbərliyi ilə danışıqlar aparıb.
Agentlik qeyd edir ki, bu arada ABŞ da Livan ordusuna ciddi dəstək verməkdədir. Rəsmi Vaşinqton başa düşür ki, gec-tez Livan İŞİD-lə müharibəyə qoşulmalı olacaq. Ona görə də Livan ordusunun güclənməsi Yaxın Şərqin gələcəyi baxımından önəmli məsələlərdən biridir.
Elbəyi Həsənli




