Səudiyyə Ərəbistanı İsraillə Fələstinin Həmas hərəkatı arasında müharibəni genişləndirməmək üçün İrana öz iqtisadiyyatına sərmayə qoymağı təklif edib .
Elchi.az xəbər verir ki, Bloomberg bu barədə ərəb və Qərb rəsmilərinə istinadən yazır.
Mənbələrə görə, HƏMAS-ın İsrailə hücumundan sonra Ər-Riyad Tehrana iqtisadi əməkdaşlığı genişləndirməyi təklif edib. Ərəb Liqasının noyabrda keçirilən sammiti zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud İran prezidenti İbrahim Rəisi ilə görüşüb. Nəşrin məlumatına görə, o, Qəzzada hərbi əməliyyatları məhdudlaşdırmaq və İrana sərmayə qoymaq istəyini təsdiqləyib.
ABŞ dövlət katibinin köməkçisi Barbara Leaf agentliyə bildirib ki, Vaşinqton Ər-Riyad və digər ərəb müttəfiqləri ilə əməkdaşlıq edir. O əlavə edib ki, Tehran “müqavimət oxunu” – Livan, İraq, Suriya və Yəməndəki hərbiləşdirilmiş qrupları silahlandırmamalıdır.
Bundan əvvəl ərəb və müsəlman ölkələrinin liderləri Qəzza zolağının İordan çayının qərb sahilindən ayrılmasına qarşı çıxıblar.
Nuranə Məmmədova






