Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman nüvə zərbəsinin bütün dünya ilə müharibəyə səbəb olacağını bildirib. Elchi.az xəbər verir ki, bu barədə o, “Fox News”ə müsahibəsində danışıb.
“Əgər dünya nüvə hücumu görsə, bu, sizin dünyanın qalan hissəsi ilə müharibə etdiyiniz anlamına gələcək” – deyə şahzadə qeyd edib.
O, həmçinin əlavə edib ki, istənilən dövlətin nüvə silahından istifadə etməsi krallığın narahatlığına səbəb olacaq. Vəliəhd vurğulayıb ki, İranın nüvə silahı əldə etməsi xüsusi narahatlıq doğurur. Belə bir addıma cavab olaraq Səudiyyə Ərəbistanı cavab tədbirləri görməyə məcbur olacaq.
Bundan əvvəl İsrail İranın nüvə proqramında uğur qazanması və bütün dünya üçün təhlükə barədə xəbərdarlıq edib. İsrailin müdafiə naziri Yoav Qalantın sözlərinə görə, İranın nüvə silahı əldə etməsi təkcə regionda deyil, bütün dünyada sabitliyi pozmaq təhlükəsi yaradır.
Havar Şəfiyeva





