Səyyar ASAN xidmət sentyabr ayının 15-dək Abşeron rayon sakinlərinə Mehdiabad qəsəbəsində xidmət göstərəcək.
Əhaliyə səyyar xidmətlərin göstərilməsi üçün rayonun mərkəzində, əhalinin gediş-gəlişinin sıx olduğu küçədə xüsusi yer ayrılıb. Burada xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılıb. Sakinlər əvvəlcə məlumat bürosuna yaxınlaşır, sonra növbə əsasında avtobusa daxil olur, müraciətlərini edirlər.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bura notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı və digər xidmətlər daxildir.




