Gürcü xalqının Yusif Sərracı olaraq dəyərləndirilən Mixail Saakaşvili siyasi taleyinin mübhəm və
həlledici mərhələsinə qədəm qoyub. Qarşıdakı dönəm sabiq prezident üçün ya olum, ya ölüm savaşına bənzəyir.
Axar.az analitiklərin gündəmdəki proqnozlarına və Gürcüstanda siyasi proseslərin hansı istiqamətdə cərəyan etdiyinə nəzər salıb. Belə nəticə hasil olub ki, Mişa regionda və ölkədə yaranmış gərgin situasiyadan xalqın yenidən lideri kimi də çıxa bilər, dəmir barmaqlıqlar arasında ömrünün böyük hissəsini keçirərək də… Çünki eks-prezident Mixail Saakaşvilini nəyin bahasına olursa-olsun, həbs etməyi qarşısına məqsəd qoyan Gürcüstan hökuməti bu dəfə onu dövlət çevrilişinə cəhddə ittiham edib.
Daxili İşlər naziri Aleksandr Çixaidzenin sözlərinə görə, eks-prezident ölkədə qeyri-sabit vəziyyət yaratmaq, ardınca da dövlət çevrilişi həyata keçirmək niyyətindədir. DİN rəhbəri əlavə edib ki, ölkədə xaos yaratmaq üçün Saakaşvili mobil qruplara bölünəcək 500 nəfərdən ibarət qrup yaratmağı tapşırıb. “Onlar polisi təxribata çəkməyi, fors-major vəziyyət yaratmaq, ən müxtəlif mövzular üzrə aqressiv etiraz aksiyaları keçirməli olacaqlar. Onların məramı gürcü cəmiyyətində və əcnəbi kütləvi informasiya vasitələrində neqativ fon yaratmağa yönəlib. Qəsd məsələlərinə milli azlıqlar da cəlb edilib” – deyə Çixaidze vurğulayıb.
Nazirin ittihamları mövcud iqtidarın daxilindəki əndişədən xəbər verir. Eyni zamanda, sabiq prezidentin cəmiyyətdəki nüfuzunu daha da gözdən salmağa yönəlik çıxışlar edilir. Hələ ki, gürcü prokurorluğu İnterpola Saakaşvilinin beynəlxalq axtarışa verilməsi barədə sənədləri göndərib. Amma onun həbsinə nail ola bilməyib. Yalnız ötən həftə yunan polisi Saakaşvilini 4 saat saxladı.
Bu günlərdə Tiflisdən qayıdan siyasi ekspert isə Axar.az-a müşahidələrini bölüşüb. Onun fikrincə, gürcü xalqı demokratik sistem gətirmiş sabiq rəhbəri sevmir. Bu isə oliqarxiyanın təbliğatının nəticəsidir. Mişa hakimiyyəti dövründə oliqarxiyaya aid zavodları, müəssisələri dövlətin balansına keçirirdi. Elə onun tifağını dağıdan da bu faktor oldu. Oliqarxiya özəl əmlakın dövlətin nəzarətinə keçdiyini görüb Sakaaşvilinin torbasını tikdi.
Bununla belə, indiki vəziyyət eks-prezident üçün riskli və ağır dönəmdir. O, bu döyüşdən ya siyasi meyit kimi çıxacaq, yaxud da yenidən iqtidara qayıdışla…
Gürcüstanda “Sol Alyans”ın lideri Soso Şatberaşvili də hesab edir ki, Saakaşvili bu məqsədlərə çatmaq üçün bir milyard dollar ayırıb. Bu vəsaitlə əvvəlcə vəziyyətin nəzarətdən çıxarılması, sonra isə dövlət çevrilişi etmək nəzərdə tutulub. Onun qənaətincə, mövcud durum da Saakaşvilinin planlarına kömək edə bilər. Dünyada yaranmış vəziyyət, Ukrayna böhranı Saakaşviliyə yardımçıdır. Yəni Saakaşvili bu dəqiqə onlar üçün maraqlıdır və bu səbəbdən də eks-prezidentin qiyam həyata keçirməsi üçün yaxşı şərait yetişib.



