100-dən artıq insan kredit faizlərini artıran və pulun dollarla ödənilməsini tələb edən VF AzərKredit bank olmayan kredit təşkilatının binasının şüşələrini sındırdı

Manatın dollara nisbətdə 35 faiz dəyər itirməsindən sonra meydana gələn vəziyyət artıq acınacaqlı nəticəsini verməkdədir. Prosesin fonunda ən ağrılı məsələ isə götürülmüş kreditlərin geri qaytarılması zamanı ortaya çıxan mübahisəli məsələlərdir.
Jam.az xəbər verir ki, xüsusən də dollarla götürülən kreditlərin əvvəlki deyil, hazırkı kursla ödənilməsi əsas problemlərdən biridir. Məlumata görə, bu gün səhər saatlarında Saatlıda 100-dən artıq insan VF AzərKredit” bank olmayan kredit təşkilatının binasına hücum edərək, şüşələri qırıblar.
Məlumatda deyilir ki, vəziyyətin belə şəkil almasına səbəb «Azərkredit»lə müştəriləri arasında ödənişlə bağlı şərtlərin dəyişməsi və faiz dərəcələrinin artırılması olub. Belə ki, kreditlərini ödəmək üçün qeyri-bank qurumuna gələn Saatlı sakinlərinə orada bildirilib ki, dollarla alınmış kreditlər hazırkı kursla geri alınacaq. Üstəlik, manatın dəyərdən düşməsi səbəbindən indiyə qədər götürülmüş kreditlərə əlavə faizlər də tətbiq olunub. Bu da tərəflər arasında narazılığın baş qaldırmasına gətirib çıxarıb. Nəticədə, yuxarıda qeyd etdiyimiz hadisələr yaşanıb.
VF AzərKredit” bank olmayan kredit təşkilatı uzunmüddətdən bəri fəaliyyət göstərir və ən yüksək dərəcədə kredit faizləri verməsi ilə tanınır. Bununla bağlı, dəfələrlə müvafiq dövlət qurumlarına edilən şikayətlərə isə baxan yoxdur.
Qarşı tərəfi də dinləməyə hazırıq. //jam.az