Yanvarın 22-də Nəsimi Rayon Məhkəməsində Hərbi Dəniz Qüvvələrinin (HDQ) vitse-admiralı Şahin Sultanovun və digərilərinin işi üzrə məhkəmə hazırlıq iclası keçiriləcək. Müttəhimlər kürsüsünə çıxarılacaq HDQ-nin sabiq komandanı Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında ötən il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs olunmuşdu. Onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi. Sonradan istintaq müddəti uzadılmışdı. Ötən ilin sonlarında isə onun barəsində seçilmiş həbs qəti-imkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Ş.Sultanovla bərəbər həbs olunan HDQ zabitləri də ev dustaqlığına buraxılıblar. Belə məlumatlar var ki, iş üzrə müəyyən edilən maddi ziyanın ödənilməsi müqabilində Ş.Sultanov və onunla birgə cinayət məsuliyyətinə cəlb olunmuş zabitlər barəsində həbslə əlaqəli olmayan cəza veriləcək.Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.



