Yanvarın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin yağıntılı olacağı, gecə və səhər saatlarında qar yağacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, yağıntı gündüz tədricən kəsiləcək.
Şimal-qərb küləyi günün birinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 1-4 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq.
Sabah Azərbaycanın bölgələrində fasilələrlə qar yağacağı, gecə bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yağıntı gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcək.
Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta olacaq.



