Bu gün Avropa Oyunlarında sambo yarışları keçirilir.
Musavat.com xəbər verir ki, 1 gün davam edəcək mübarizədə 8 dəst medalın sahibi müəyyənləşəcək.
Həm kişilər, həm qadınlar 4 çəki dərəcəsində qüvvəsini sınayır. Azərbaycan millisi yarışa 8 samboçu ilə qatılıb.
52 kq çəki dərəcəsində ölkəmizi Nəzakət Xəlilova təmsil edib. İlk görüşü 1/4 finala təsadüf edən idmançımız Sodriana İonesku (Rumıniya) ilə üz-üzə gəlib. Həmin görüşü Xəlilova 4:1 hesabı ilə aktivinə yazıb. Xəlilova yarımfinalda litvalı Ruta Aksionova ilə qüvvəsini sınayıb. Bu görüşdə də üstün olan (8:0) həmyerlimiz finalda iştirak hüququ qazanıb.
Nəzakət çempionluq üçün Anna Xaritonova (Rusiya) ilə gücünü yoxlayıb. Bu dəfə samboçumuz uğurlu seriyasını davam etdirə bilməyib. Xaritonovaya 0:5 hesabı ilə məğlub olan Xəlilova gümüş medalla kifayətlənib.
İslam Qasımov da uduzdu, gümüş medalla kifayətləndi
57 kq-da ölkəmizi təmsil edən İslam Qasımovun ilk görüşü 1/4 finala təsadüf edib. Rumıniyalı Orlando Qruia ilə görüşən samboçumuz asanlıqla qələbə qazanıb- 9:0. İslam yarımfinalda Vaxtanqi Çidraşvili ilə mübarizə aparıb və döyüşünü üstün bitirib – 3:1.
Qadımov finalda rusiyalı Aymerqen Atkunovla gücünü yoxlayıb. Həlledici görüş həmyerlimiz üçün uğurlu alınmayıb (0:1) və o, gümüş medalla kifayətlənib.
Şəhanə Hüseynova medalsız qaldı
60 kq çəki dərəcəsində iştirak edən idmançımız Şəhanə Hüseynova 1/4 finalda Yana Kostenko (Rusiya) ilə qarşılaşıb. Görüş rəqibin üstünlüyü ilə başa çatıb. Hüseynova 0:5 hesabı ilə uduzduğundan yarımfinala Kostenko vəsiqə qazanıb. Buna baxmayaraq, rus samboçu növbəti görüşünü də qalib kimi bitirdiyindən Hüseynova təsəlliverici döyüşə qatılıb.
O, bu mərhələdə Şorena Şaradze (Gürcüstan) ilə güləşib. Bu dəfə qələbə qazanan (4:2) samboçumuz bürünc medal uğrunda yarışıb. Amma Katarin Prakapenka (Belarus) ilə üz-üzə gələn təmsilçimiz məğlub olaraq, yarışı mükafatsız tərk edib.
Qeyd edək ki, bu, yığmamızın Avropa Oyunlarında qazandığı 37-cı mükafat olub.
Məhəmməd Türkmən














