
Heç bir zaman seçki ərəfəsi bu qədər passiv olmamışdı. İqtidar heç nəyi dəyişmək istəmir, müxalifət isə yenə də Qərbin situasiyanı dəyişəcəyini düşünür, digər bir qrup isə məğlubiyyətdən sığortalanmaq üçün yenə də boykot çağırışları səsləndirməkdədir. Bütün bunların fonunda hakimiyyətə beynəlxalq təzyiqlər artmaqdadır. Lakin Azərbaycanda işarəni yalnız xaricdən gözləmək ənənəsinə də son qoymaq lazım gəlir. Azərbaycan hakimiyyətini Qərbin “daxili məsələlərə burnunu soxması”, demokratiya tələblərini artırması qəzəbləndirir. Hər seçkidə olduğu kimi, bu dəfə də “rəngli inqilablar” barədə hakimiyyət təbliğatı əsas prioritet kəsb edir. Lakin Qərb hər seçkidə rəsmi Bakı ilə anlaşa bilib. Bu baxımdan, hakimiyyəti indi daha çox Rusiyanın planları narahat edir. Moskvanın planında demokratik dəyişikliklər deyil, konkret geosiyasi tələblər durur.
Azərbaycan hakimiyyəti Qərbin demokratiya tələblərini müəyyən mənada nəzərə ala bilir, lakin Rusiyanın tələblərinə əməl etmək özünü alovun içinə atmaq deməkdir. Belə vəziyyət uzun müddət davam edə bilməz. Bu baxımdan, rəsmi Bakı özünü qorumaq üçün tərəflərdən biri ilə anlaşmaq zorundadır.
Lakin müxalifət konkret fəaliyyət proqramına malik olarsa, xarici güc mərkəzləri də planlarında dəyişiklik edə bilərlər. Bütün ümidlərin yalnız xarici amil ilə əlaqələndirilməsi də yanlış olardı.
Əgər seçki ərəfəsində Rusiya rəsmi Bakını müdafiə etdiyini bəyan edərsə, gözləntilər puça çıxa və protest elektoratını xəyal qırıqlığına uğrada bilər.
Baş verənlərin bir blef ola bilmə ehtimalını öncələr irəli sürmüşdük. Bu baxımdan, xarici amil olmadan da, protest elektoratı ilə iş gücləndirilməli, vahid koordinasiya və mübarizənin taktiki, strateji tərəfləri nəzərə alınmalıdır.
Azərbaycanda daxili problemlər çoxaldıqca, rəsmi Bakıya super güclərin təzyiqləri üçün əlavə şans yaranır. Daxili problemlər super güclərin manevr predmetinə çevrilməkdədir. Bu isə ona gətirib çıxara bilər ki, vəziyyət qəlizləşərsə, iqtidar müxalifətlə deyil, bu narazılıqlardan məharətlə istifadə edən xarici güclərlə anlaşa bilər.
Bir sözlə, müxalifət üçün oyundan kənar qalmaq təhlükəsi mövcuddur. Bu baxımdan, müxalifətin hazırkı fəaliyyət proqramının açıqlanması son dərəcə vacibdir.
Bu amilsiz və situasiyanın dəyişdirilməsinə nail olmadan protest elektoratını meydanlara, yaxud seçki məntəqələrinə səsləmək perspektiv vəd etməyəcək.
Yaxın zamanlarda Azərbaycanın siyasi həyatında nələrin baş verəcəyini proqnozlaşdırmaq çətindir. Bu baxımdan, məğlubiyyət olarsa, aparıcı müxalifət partiyalarının da sonu gələ bilər. Əslində boykot aparıcı liderlərin hamısına sərf edir. Qələbə üçün mübarizə aparmaq əvəzinə, günahkar axtarmaq daha asan yoldur. İnsanların həddən ziyadə praqmatik olduğu dövrdə özünü fəda etməyə hazır olan siyasətçi tapmaq da çətindir.
Əgər bu gün protest elektoratı aparıcı partiyaları az qala idealizə edirsə, seçkidən sonra məğlubiyyət yaşanarsa, səmalara qaldırdığı liderlərdən qisas almaq istəyəcək. Seçkilərdə qələbənin həzzini hamı dadmaq istəyəcək, ona hamı şərik olmaq arzusunda olacaq. Məğlubiyyətə görə isə yalnız seçkilərdə iştirak edənlər cavab verməli olacaq və cəmiyyət tərəfindən linç olunmaq təhlükəsi ilə üzləşəcək. Əslində müxalifətçi statusu məsuliyyəti üzərinə götürmək və gələcəyini riskə atmağı ehtiva edir. Əgər yuxarıda söz açdığımız xarici təzyiqlər azalarsa, bu rola iddia edənlərin sayı da azala bilər…



