
Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikası ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq yüksək səviyyədə davam etdirilir. Bu gün muxtar respublikada miqrasiya sahəsində qabaqcıl təcrübə formalaşıb. Biz bu təcrübədən bəhrələnirik.
Ötən günlərdə Naxçıvan Muxtar Respublikasına səfər edən Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak bu fikirləri AZƏRTAC-a müsahibəsində səsləndirib.
“Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri təyin edildikdən sonra ilk dəfədir ki, Naxçıvana səfər edirəm”, – deyən Serhan Aktoprak bildirib ki, muxtar respublikaya səfərinin digər bir səbəbi isə təşkilatın Azərbaycan Hökuməti ilə birgə hazırladığı və Avropa İttifaqının da maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsidir. Həmin layihə çərçivəsində beynəlxalq mütəxəssislərin iştirakı ilə əlaqədar dövlət qurumlarının əməkdaşları üçün sənədlərin yoxlanılması üzrə seminarlar keçirilir. Məqsəd bilik və təcrübə mübadiləsi aparmaqdır.
Serhan Aktoprak qeyd edib ki, miqrasiya ölkədaxili və ölkələr arasında baş verən proses olduğuna görə hər iki halda bu prosesin tənzimlənməsində qarşılıqlı əməkdaşlıq, BMT-nin və müvafiq qurumların birgə fəaliyyəti zəruridir. Bu gün inkişaf edən Naxçıvan Muxtar Respublikası artıq miqrantlar üçün cazibədar regiona çevrilib. Son dövrlər özəl və dövlət sektorunda iş imkanlarının genişlənməsi də buna öz təsirini göstərir.
Naxçıvan şəhərindəki Biznes Mərkəzində də olduğunu vurğulayan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri deyib: “Mən Biznes Mərkəzində öyrəndim ki, burada muxtar respublikanın 96 istehsal və xidmət müəssisəsi tərəfindən istehsal edilən məhsullar nümayiş olunur. Əhalinin 107-si ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 343 növdə məhsula olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir. Bu, çox böyük nailiyyətdir. İstehsal olunan məhsulları da nəzərdən keçirdim. Sözün həqiqi mənasında, mükəmməldir. Bütün bunlar muxtar respublikanın son illər ərzində də müsbət inkişaf templərini qoruduğunu göstərir”.



