Bu gün dünyanın bir çox ölkələrində Sevgililər Günü kimi qeyd edilir. Azərbaycanda da 14 fevral tarixini təmtəraqla qeyd edənlər az deyil. Sevgililərin bayramı kimi tarixə düşən 14 fevralda cütlüklər aldıqları hədiyyələrlə öz sevgilərini ifadə etməyə çalışırlar. Bu gün bəylərə qol saatı, ətir, xanımlara isə daha çox gül hədiyyə edilir.
Əməkdaşlarımız paytaxtda hədiyyə və gül mağazalarına baş çəkərək qiymətlərlə maraqlanıb.
Satıcıların sözlərinə görə, Sevgililər Günü olsa da, qiymətlər dəyişməyib, əksinə bəzi güllərin qiyməti ucuzlaşıb ki, təki alıcı çox olsun.
Satışda ən ucuz gül tülpandır. Onun da bir ədədi 3 manata satılır.
Ən bahalı gül buketləri isə antropa buketləridir. Bunların qiyməti 60-100 manat arası dəyişir.
Sevgililər gününün rəmzinə çevrilən qızılgülün bir ədədi isə 5-10 manata satılır. Xanımları üçün qızılgüldən buket bağlatdımaq istəyən bəylər azı 30 manatından keçməli olurlar.
Satıcıları sözlərinə görə, ötən il 200-300 manata da gül buketi sifariş verən bəylər olub.
Satıcılar bildiriblər ki, fevralın 14-də qızılgülə təlabat daha çox olur.
Hədiyyəlik oyuncaqlara, suvenirlərə gəlincə, bunların da qiymətləri fərqlidir. Yumuşaq oyuncaqların qiymətləri 20-150 manat arası dəyişir.
Baş çəkdiyimiz mağazalarda suvenirlərin qiymətinin qalxdığı bildirildi. Satıcıların bildirdiyinə görə, suvenirlər xaricdən gətirildiyi üçün qiymətlər bahalaşıb. Belə ki, satışda 20 manatdan 200 manatadək suvenirlər var.
“Manat dəyərdən düşəndən sonra məhsulların qiymətini qaldırmağa məcbur olduq. Qiymətlər baha olduğundan alıcı qıtlığı yaşanır. Əvvəlki illərdə 14 fevralda mağazamızda müştəri əlindən tərpənməyə yer olmazdı, indi vəziyyət tamam başqadır”.
Sevgililər günü ilə əlaqədar müxtəlif endirim kampaniyalarına start verən parfümeriya mağazaları isə ətirlərin qramlarını azaltmaqla alıcılara bahalaşmanın olmadığını göstərməyə çalışırlar.
Kampaniya ilə müştəri cəlb etməyə çalışan brend mağazalarda ən ucuz ətir 40-50 manatdır. Satıcılar qeyd ediblər ki, satışda 400-500 manata da ətirlər var.



