
Son bir neçə ay ərzində orta məktəblərdə birbaşa müəllimlərin əmək haqqına təsir göstərəcək islahatlar həyata keçirilir. Bu müəllimlərin əmək haqqının azalması ilə yanaşı orta məktəblərin optimallaşdırılması kimi də qiymətləndirilir.
Qeyd edək ki, ötən ay ümumtəhsil məktəblərinin cari dərs ilinə aid tədris planlarında qismən dəyişiklik edilib. Bu mənada dərsdənkənar, fakültativ, fərdi və qrup məşğələlərinə ayrılan saatlar hesabına təşkil edilən “Həyati bacarıqlara əsaslanan təhsil” kursunun tədrisi yanvar ayından dayandırılıb. Bundan əlavə, orta məktəblərdə Astronomiya, Konsitusiya, İqtisadiyyat, İnsan və Cəmiyyət kimi dərslər də əvvəlki tədris illərində ləğv edilib. Məktəb idarəçiliyi istiqamətində də tədbirlərə başlanılıb. Bu istiqamətdə məktəblərdə psixoloq Uşaq Birliyi rəhbəri, hətta sinif rəhbərinin görməli olduğu işi yerinə yetirəcək. Bu, “Məktəblinin dostu” layihəsidir.

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Cebhe.info-ya açıqlamasında deyib ki, orta məktəbdə sinif rəhbəri geniş fəaliyyətə malik deyil: “Amma bu, o demək deyil ki, bu vəzifə ləğv olunacaq. Sadəcə olaraq, başqa ad və vəzifə altında məktəblinin dostları bu işləri davam etdirəcəklər. Sinif rəhbəri və bu kimi vəzifələr sovet dövründən qalan stereotiplərdir. Məktəbdə müəllim dərs deməlidir. O, hansısa idarəçilik işlərində olmamalıdır. Məktəbdə idarəçiliyi buna cəlb olunmuş şəxslər yerinə yetirməlidir. Məsələn, ali təhsil müəssisələrində tyutorluq ( Tələbə üçün fərdi təhsil proqramının təşkilinə və aparılmasına rəhbərlik edilməsi- red.) sistemi kimi… Bu kifayət qədər uğurlu olacaq.
Çünki sinif rəhbərliyi o qədər də uğurlu deyil. Araşdırmalarımızdan məlum oldu ki, sinif rəhbərlərinin əksəriyyəti işlərinin öhdəsindən gəlsələr də, əsasnamədən bir o qədər də məlumatlı deyillər. Belə ki, onlarla söhbətimizdə əsasnamədə yer alan bəzi müddəalar haqqında məlumatsız olduqları aydın oldu. Bəzilərinin əsasnamənin mövcudluğundan belə xəbərsiz olduğu aşkarlandı. Halbuki, sinif rəhbərlərinin fəaliyyətini tənzimləyən əsasnamə onların hər birinin masalarının üstündə olmalı, əsasnamədə öz əksini tapmış bütün istiqamətlər üzrə iş aparılmalıdır. Orta ümumtəhsil məktəblərində şagirdlərin şəxsiyyət kimi formalaşmasında, tədris və tərbiyəyə cəlb olunmasında fənn müəllimləri ilə yanaşı, sinif rəhbərləri də əhəmiyyətli rol oynamalıdır”.
Ekspert hesab edir ki, sinif rəhbərlərinin fəaliyyəti Azərbaycan Respublikası təhsil nazirinin 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş “Sinif rəhbəri haqqında Əsasnamə”də öz əksini tapıb. Əsasnaməyə görə, sinif rəhbəri məktəb direktoru tərəfindən təyin və ya vəzifədən azad olunur:
“Sinif rəhbəri bu işi icra etdiyinə görə xüsusi müavinət alır. Onların fəaliyyətinə rəhbərlik tərbiyə işləri üzrə direktor müavini tərəfindən həyata keçirilir. Sinif rəhbərinin əsas vəzifələri təhsil alanları şəxsiyyət kimi yetişdirmək, onlarda əsl vətəndaş, mənəviyyat, təşəbbüskarlıq kimi yüksək keyfiyyətlərin və müstəqil tənqidi təfəkkürünün formalaşmasına kömək göstərməkdir. Bundan başqa, şagirdlərin xarici görünüşünə, geyiminə, dərsə davamiyyətinə, hər bir şagirdin tədris nailiyyətlərinə nəzarət etmək, onların uğur və səhvlərini qeydə almaqla vaxtında kömək göstərmək, sinif jurnalının işlənməsi və nəzarəti, valideynlərlə əlaqə yaratmaq və onlara uşaqların tərbiyə olunmasında kömək göstərmək də (şəxsən, məktəb psixoloqu və müəllimlər vasitəsilə) əsas işlərindəndir.
Bununla yanaşı, sinif rəhbəri Azərbaycanın milli bayramları, əlamətdar tarixi hadisələri ilə bağlı tədbirlər təşkil etmək, mərasimləri qeyd etmək, sinif saatlarını təşkil etmək, fənn müəllimləri və məktəbin digər mütəxəssisləri ilə (uşaq birliyi rəhbəri, psixoloq, kitabxanaçı və s.) qarşılıqlı fəaliyyət və bu mütəxəssislərin yardıma ehtiyacı olan uşaqlara köməyinin təşkil və bir çox məsələləri yerinə yetirməlidir. Lakin reallıqda biz bu tələblərin yerinə yetrilməsini görmürük. Fikrimcə, “Məktəblinin dostu” layihəsi məktəblərə daha yeni ruh verəcək”.



