“Daun sindromlu insanların yaşam müddəti yaşayış keyfiyyətindən və şərtlərindən asılıdır, onların arasında hətta 80 yaşadək yaşayanlar olur”.
Elchi.az xəbər verir ki, bunu Ümumdünya Daun Sindromlu İnsanlar Günü ərəfəsində Səhiyyə Nazirliyi Uşaq Psixonevroloji Mərkəzinin direktoru Kəmalə Talıbova deyib.
O bildirib ki, daun sindromlu uşaqların təhsil almaları üçün xüsusi məktəblərə ehtiyac yoxdur: “Onlara xüsusi yanaşma olmalıdır və onlar təcrid olunmayaraq adi məktəblərdə inkluziv təhsil almalıdırlar. Həm valideynlər, həm də cəmiyyət bu işdə bizə dəstək olmalıdırlar. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əsas vəzifə əmək prosesində uşaqların zehni funksiyalarının inkişafı və çatışmazlıqlarının mümkün qədər tez düzəldilməsinə çalışmaqdır. Daun sindromlu uşaqların tərbiyəsi, onların düzgün davranışının formalaşdırılması əsas diqqət vərdişlərinin qurulmasına yönəlməlidir. Bütün uşaqlar kimi onlar da oynamağı, rəqs etməyi, oxumağı, yeni nəsə öyrənməyi sevirlər. Onlar istək ifadə etməyi bacarmalı, özünü qoruya bilməli və ya təhlükədən qaçmağı bacarmalıdır. Birinci növbədə bu uşaqları cəmiyyətdən ayırmamalı və onların cəmiyyət içərisində böyüməsinə, yaşamasına, inkişaf etməsinə kömək etmək lazımdır”.






