“Dəri insanın ən böyük və eyni zamanda ən həssas orqanıdır. Ürək, qaraciyər və mədə kimi mürəkkəb bir quruluşa malikdir və həyati vacib funksiyaları yerinə yetirir”.
Elchi.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Mir-Riad Cavadzadə bildirib. Onun sözlərinə görə, dəri bir çox orqana (saç, dırnaq, selikli qişaların vəziyyətinə) müəyyən bir şəkildə təsir edir:
“Məsələn, qaraciyər xəstəlikləri halında dəri sarımtıl rəngə çevrilir, qızılca, məhmərək, suçiçəyi kimi ümumi viral xəstəliklər olan təqdirdə dəri səpgilərlə örtülür. Bundan əlavə, uzun müddət olan furunkulyoz diabetin inkişafını göstərə bilər və s. Daxili (endogen) amillər bir çox dəri xəstəliklərinin (metabolik xəstəliklər, daxili organların, sinir sisteminin xəstəlikləri, hipo və hipervitaminoz (orqanizmdə müəyyən vitamin çatışmazlığı) və s.) əmələ gəlməsində böyük rol oynayır. Bu amillər dərinin funksionallığının və quruluşunun dəyişməsinin səbəbi ola bilər”.
Mütəxəssis deyib ki, uşaqlarda görülən ağ ləkələrin bir qisminin əsas səbəbi vitiliqo xəstəliyidir:
“Elmi adı vitiliqo, el arasında ala xəstəliyi adlandırılan bu xəstəlik avtoimmun dəri patologiyasıdır. Bu pozğunluqlar melanositlərin – piqment hüceyrələrinin – lezyon mərkəzlərində məhv olunması və ya kəskin azalması səbəbindən yaranır . Xəstəlik hər yaşda görülə bilər. 50 faiz hallarda xəstəlik 20 yaşadək, xəstələrin üçdə birində – 12 yaşa qədər müşahidə olunur. Bundan əlavə, yaş artdıqca xəstəliyin yayılması tədricən artır. Vitiliqo ən çox qadınlarda rast gəlinir. Buna səbəb keyfiyyətsiz kosmetik məhsullardan istifadədir. 15-20 faiz hallarda vitiliqo ailənin üzvlərində baş verir. Belə ki, valideynlər və uşaqlar arasında yayılması 7 faiz, eyni əkizlər arasında isə 23 faiz təşkil edir. Bu, xəstəliyin inkişafında genlərin rolu birmənalıdır. Vitiligonun müalicəsində sistemli, yerli, foto və lazer terapiya aparılır. Vitiligonun inkişafını dayandırmaq üçün stresdən uzaq olmaq, dəriyə xəsarət yetirməmək və günəşli havada təsirlənmiş dərini qorumaq məsləhətdir”.
Ocaqlı alopesiya xəstəliyi barədə danışan ekspert deyib ki, ocaqlı dazlıq və ya ocaqlı alopesiya tala-tala saç tökülməsi ilə müşahidə olunan xroniki saç xəstəliyidir:
“Elmi adı “aloepcia areata” olan bu xəstəlik sadəcə başın saçlı hissəsində deyil, bədənin başqa nahiyyələrində də tük tökülməsinə səbəb olur. Bir qayda olaraq, tam sağlamlıq fonunda kortəbii olaraq ortaya çıxır. Xəstəlik hər iki cinslərində eyni faizda olur. Qeyd edim ki, ocaqlı alopesiya əksər hallarda streslə əlaqədardır. Mütəxəssislər saçların qeyri-kafi həcmi və onların tökülməsinin əsas səbəbini kimi hormonal dəyişikliklər, ümumi xəstəliklər, yaş və ya dərmanların qəbulu yox, stresi əsas amil kimi qəbul edirlər” – o deyib.






