“Gənclər həmişə zamana qarşı mübarizə aparır. Onlar daha aktiv, müasir həyat yaşamaq arzusundadılar. İş həyatlarını qurmaq, yeni sahələrə yiyələnmək, incəsənət və mədəniyyətə daha dərindən bələd olmaq üçün xaricə meyilli olurlar. Gələcəyini, həyatlarını istədikləri kimi qurmaq onların haqqıdır”.
Elchi.az xəbər verir ki, bu fikirləri Faktmedia.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı deyib:
“Gənclər bilmədikləri işi bilməyə, görmədiklərini görməyə çalışırlar. Azərbaycanda da çalışıb uğurlu bir iş qurmaq olar. Bu gün Azərbaycanın bir çox gəncləri var ki, dünyanın elm mərkəzlərində böyük mövqelər qazanır. Bəziləri bunu mənfi tendensiya kimi də qəbul edir. Gənclərimiz niyə ölkədə yox, gedib xaricdə uğurlu iş qururlar deyə düşünürlər. Amma bu məsələnin iki tərəfi var. Təbii ki, bir azərbaycanlı olaraq gedib inkişaf etmiş sahələrdə ölkəmizi təmsil edirlər. Sovet vaxtlarında bizə ancaq “bazar adamları” deyirdilər. Amma indi Azərbaycan gəncləri NASA-da aparıcı mütəxəssis kimi çalışırlar. Eyni zamanda Böyük Britaniyanın Nüvə Mərkəzində çox ciddi işləri həyata keçirən Azərbaycanlı gənclər var. Bunun nəyi pisdir ki? Onlar orda dövlətimizin ruhunu, əksini təmsil edirlər”, – deyə aktyor bildirib.





