“AzerRos”un fəxri prezidenti “Milyarderlər İttifaqı”nın əsas fiquruna şərt qoydu: “Xalqdan üzr istə və öz əlaltılarınla
çıx get!…”
“O, özünü ağsaqqal kimi aparmadı, təxribatçı kimi öz talantını bir daha göstərdi”, “Bu adam çoxdan xalqdan ayrı düşən, öz xalqını, vətənini sevməyən kosmopolit birisidir…”; “Martın 6-dakı qurultayda Rusiyanın dövlət idarələrindən tələb edəcəyik ki…”
Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti – “AzerRos”un ətrafında situasiya mürəkkəb olaraq qalır. Yada salaq ki, qurumun fəxri prezidenti Söyün Sadıqov az öncə verdiyi açıqlamasında martın 6-na təyin edilmiş qurultayla bağlı bütün narazı tərəfləri, o cümlədən Abbas Abbasovçuları bir araya gələrək, ali tədbirin “birləşdirici” olması üçün səy göstərməyə çağırmışdı.
Ancaq baş nazirin sabiq 1-ci müavini, “Milyarderlər İttifaqı” kimi tanınan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının (RATİ) əsas fiqurantı, Kremldə yetərincə güclü dayaqlara malik olan Abbas Abbasov çağırışlara nəinki məhəl qoymadı, əksinə, bu arada vəziyyəti daha da tündləşdirən, parçalanmanın dərinləşməsinə yönəlik addımlar atdı: martın 6-nı gözləmədən, fevralın 20-də alternativ “qurultay” təşkil etdi, erməniyönlü “Regnum” agentliyinə müsahibəsində Azərbaycan xalqını, Rusiyada ticarətlə məşğul olan azərbaycanlıları aşağıladı, toplumu “alverçi” adlandırdı, paralel surətdə ona opponentlik edən tanınmış azərbaycanlılara (T.Hacıyev – qurultaya hazırlıq komitəsinin sədri) qarşı Moskvada təxribatçı əməllərini davam etdirdi.
Bu və digər məsələlərdən dolayı “AzerRos” ətrafında yaranmış son durumu Söyün Sadıqov mediafax-a şərh edib. Sadıqov “AzerRos”un bəzi rəhbərlərinin destruktiv mövqeyi üzündən qurumda həqiqətən böhranlı durumun yarandığını etiraf edib.
Onun sözlərinə görə, “AzerRos”da daxili çəkişmələr 2013-cü ildə, özünün təşkilat prezidenti postundan könüllü getməsindən sonra başlayıb: “O zaman mən kənara çəkilib yerimi Asif Məhərrəmova güzəştə getdim. Heç təşkilata da gəlmirdim ki, qurum kollektivi yeni prezidentə alışsın. Yalnız ”AzerRos”in tədbirlərinə qatılırdım. Ancaq Məhərrəmov və Ağsaqqallar Şurasının sədri (artıq ləğv edilib -red.) Abbas Abbasov təşkilat üzvləri ilə, sadə azərbaycanlılarla işləməyin yanlış taktikasını seçdilər. Mənə tez-tez icmanın regional liderlərdən bu adamların özündənrazı və polissayağı davranışı, insanları təhqir etmələri haqda şikayətlər gəlirdi. 2014-cü ildə narazılıq pik həddə çatdı”.
Söyün Sadıqov dəfələrlə Ağsaqqallar Şurasının sədri Abbas Abbasovla danışdığını deyir: “Mən ona xəbərdarlıq etdim, vəziyyətin böyük qalmaqal həddinə çatmaması üçün müdriklik göstərməyi xahiş elədim. Ancaq qurum üzvlərini yığıb onlarla situasiyanı müzakirə eləmək əvəzinə, o, Asif Məhərrəmovun idarəçiliyini qəbul etməyənlərə qarşı intriqalar yaratmağa başladı. Onların hər ikisi xalqdan çox uzaq düşmüş adam olduqlarını göstərdilər. Dekabrın 17-də növbədənkənar qurultay çağırmalı olduq. Abbasov bir ağsaqqal kimi qurultaya gəlmək əvəzinə, özünün hüquq-mühafizə orqanlarındakı əlaqələrindən istifadə edərək tədbiri pozmağa çalışdı, bir daha təxribatçı kimi öz istedadını göstərdi. Lakin istəyinə nail olmadı, tədbir legitim şəkildə baş tutdu və qurultaya martın 6-dək fasilə vermək qərarına gəlindi. Abbasov isə fevralın 20-də öz ”qurultayını” keçirdi, hansı ki tədbirdə cəmi 9 nəfər olub, onun da dördünün səs hüququ olmayıb”.
Sözünə davam edən fəxri prezident Abbas Abbasovun Azərbaycan vətəndaşı olmasına da diqqət çəkib: “Ən önəmlisi odur ki, Abbas Abbasov heç Rusiya vətəndaşı deyil. Qanuna görə isə o, qurumda, ümumiyyətlə, səs hüququna malik deyil. Martın 6-dakı qurultayda biz bu məsələni qaldıracaq və dövlət idarələrindən soruşacağıq ki, nə üçün Abbasov hər yerdə ”AzerRos”un adından danışmaqla Rusiya qanunvericiliyini pozur?”
Sonda Sadıqov Abbasovun ünvanına daha sərt ifadələr işlədib: “Bu adam özünü xalqını sevməyən, yaşadığı vətənini, ölkəsini sevməyən kosmopolit kimi aparır. O, Azərbaycan xalqından üzr istəməli və öz əlaltıları ilə birgə çıxıb getməlidir. Dövlət məmurları və ”OMON”-un hesabına lider olmaq mümkün deyil”. (Musavat.com)