Bir azdan sükut pozulacaq. Hələ ki, hamı idman yarışlarını izləyir. Lakin yarımçıq qalmış suallar var. Bunlardan biri də 6 milyard manatın mənimsənilməsidir.
Avropa Oyunları “6 milyardlıq kredit” qalmaqalını arxa plana keçirtdi. Lakin hər kəsə bəllidir ki, beynəlxalq yarışmadan sonra “kölgə iqtisadiyyatı”nın başının üstünü “qara buludlar” alacaq. Hakimiyyətin öz şinelindən çıxan sabiq səfir Arif Məmmədov da kəskin bəyanatlar verir və elə bu amil də onu göstərir ki, “kompromat savaşı” daha dərinə gedə bilər. Odur ki, iri məmurlardan kimlərinsə qurban verilə biləcəyi ehtimalı yaranır.
Lakin qarşıdan parlament seçkiləri gəlir və bu amil “qurbanlıq keçi” tapmaq şərtlərini daha da ağırlaşdırır. Vurğulamaq lazım gəlir ki, Qərb mətbuatı konkret simaları hədəf seçir. Nəzərə alsaq ki hər bir ciddi ifşaedici məqamın arxasında siyasi güc mərkəzləri dayanır, onda kimlərinsə “edam kötüyü”nə çıxarıla biləcəyini də ehtimal edə bilərik. Lakin Qərbin hədəfə aldığı siyahılarda elə simaların adı açıqlanır ki, onlardan hesab tələb etmək hazırkı reallıqda möcüzə olardı. Bütün ifşa kampaniyası da bəlkə elə buna hesablanıb. Artıq istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə belə rəy formalaşıb ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə barədə deyilənlər imitasiyadan başqa bir şey deyil. Nə qədər ki, ölkədə korrupsiyaya qarşı mübarizədə nəzarət şəffaf deyil və nəzarəti hakimiyyət özü həyata keçirir, bu sahədə nəyəsə nail olmaq inandırıcı görünmür.
Korrupsiyaya qarşı mübarizənin qanuni müstəvidə aparılması beynəlxalq təşkilatların rəsmi Bakıdan tələb etdiyi əsas məsələdir. Çıxış yolu sayılan addım – məmurların gəlir deklarasiyalarının göstərilməsinə nail olmaq problemin həllinə yardım edərdi. Bu məsələ ilə bağlı 10 ildən artıqdır qanun olsa da məmurlar deklarasiyalarını hələ də doldurmur. Beynəlxalq təşkilatların təmsilçiləri hesab edir ki, Azərbaycanda korrupsiyanın ifşa edilməsi qanunvericilik səviyyəsində məhdudlaşdırılıb. “Dövlət sirri haqqında” qanuna görə, jurnalistlərə təsərrüfat subyektlərinin sahibləri barədə məlumat toplamaq qadağandır. Yəni korrupsiyanı ifşa etmək jurnalistlərə yasaq edilib. Buna baxmayaraq mətbuat öz araşdırmalarını davam etdirir. Milyonlarla dəyəri olan villalara, otellərə, şirkətlərə sahib olmaq sadə məsələ deyil və korrupsiyanın göstəricisidir.
Orta statistik azərbaycanlını düşündürən sual da elə budur. Alınan milyonlarla rüşvətin sonrakı taleyinin və “neft bumunun” gətirdiyi sərvətlərin harada cəmləşdiyi müzakirə mövzusu kimi qalmaqdadır. Əlbəttə, burada cəmiyyətin göstərəcəyi təpkidən də çox şey asılıdır. Cəmiyyət uzun illərdən bəri öz postunda möhkəm oturan məmurlardan hesabat istəmək cəsarətində olacaqsa, korrupsiya piramidasını dağıtmağa vadar etmək mümkün olacaq. İstənilən halda, bizi qızmar yay gözləyir…
Yazar : Azər RƏŞİDOĞLU



