
Əmircanda baş vermiş qətlin gizlinləri yavaş-yavaş işıq üzünə çıxır. Sən demə, qatil Əbdülxalidin qardaşı Cavid çoxdankı planını həyata keçirib. Od olmayan yerdən tüstü çıxmaz deyiblər. Qatilin Bülbülədən olan yaxın qohumları və tanışları danışırlar ki, Cavidin qeyri-qanuni və nikahsız yaşadığı beş aylıq hamilə qadının bətnindəki uşağın atası Əbdülxaliddir. Bir müddət əvvəl Cavid nikahsız xanımla qardaşı Əbdülxalid arasındakı “isti” münasibətdən şübhələnməyə başlayır. Cavid tezdən işə gedir, axşam isə evə qayıdır. Və bir gün o, işdən evə dönərkən beş aylıq hamilə “xanımı” ilə qardaşı Əbdülxalid arasındakı səmimiyyətin qayın-gəlin münasibətindən fərqli olduğuna tam əmin olur. Və qardaşından qisas almaq qərarına gəlir. Bir həftə bundan əvvəl qisas almaq planladığı ssenarini həyata keçirir.
Salyandan toydan qayıdan kimi “namuslu” qardaşı Əbdülxalidin beynini doldurur ki, guya sürücü yolda güzgüdən onun xanımına baxırmış. Cavidin təhriki işə yarayır və günahsız üç uşaq atası Vasif Ağammədov canından olur. O, qardaşını həbsə göndərərək ondan canını qurtarır. Cavid əmin olur ki, günahsız insanı azyaşlı körpəsinin gözü önündə amansızca qətlə yetirən “namus qarovulçusu” Əbdülxalid ömrünün sonuna qədər dəmir barmaqlıqlar arxasından çıxmayacaq.
Polisdə dindirmələr zamanı guya Cavidin “ ürəyi gedir”. O, tez-tez yerə yıxılır ki, müstəntiqi xəstə olduğuna inandırsın və bu işdən yaxa qurtarsın.
Görəsən, qətlin sifarişçisi mərhumun evini Əbdülxalidə göstərən qardaşı təhrikçi Cavid nə üçün məsuliyyətə cəlb olunmur?



