İsrailin Suriyanın qərbindəki Tartus vilayətinə raket hücumu təşkil etdiyi iddia edilib.
Elchi.az xəbər verir ki, Suriya administrasiyasının xəbər agentliyi SANA hərbi mənbəyə əsaslanaraq verdiyi xəbərdə İsrailin yerli vaxtla saat 17:22 radələrində Aralıq dənizi üzərindən Tartusda Suriya ordusuna aid bəzi nöqtələrə raket hücumu təşkil etdiyini iddia edib.
Xəbərdə hava hücumundan müdafiə sistemlərinin hədəfə alındığı, Suriya ordusundan 2 əsgərin öldüyü, 6 əsgərin yaralandığı, maddi ziyanın olduğu iddia edilib.
Hücumla bağlı İsrail rəsmilərindən heç bir açıqlama verilməyib.
Məlumdur ki, Tartus və Həma əyalətlərində Suriya ordusuna, eləcə də İranın dəstəklədiyi xarici terrorçu qruplara və Hizbullaha məxsus hərbi məntəqələr var.
İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada İranın dəstəklədiyi qruplara və Suriya ordusuna aid hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.
Nuranə Məmmədova






