“Bildiyiniz kimi, AMEA-nın yeni strukturu təsdiq olunub və ümumi 3510 nəfər olmaqla 22 elmi müəssisə fəaliyyət göstərəcək.
Qeyd edim ki, buna qədər, yəni 2021-ci ildə AMEA işçilərinin sayı 9640 nəfər və 46 elmi müəssisə var idi.
Əlbəttə ki, cəmiyyətin və dövlətin AMEA-dan gözləntiləri var. Biz AMEA-da çalışanlardan soruşsaq hər biri böyük işlər görüldüyünü, ciddi elmi tədqiqat işlərinin aparıldığını deyəcək”.
Elchi.az xəbər verir ki, bu barədə təhsil üzrə ekspert Kamran Əsədov FB hesabında qeyd edib:
“Bəli, hər bir işçi səhər saat 9-dan 18-00-ə qədər AMEA-da olur, nələrsə oxunur, müzakirə olunur, tərcümə olunub çap olunur.
Amma gəlin görək bizim alimimizə və elmimizə dünyada nə qədər istinad olunur?
Biz nə etməliyik? Bəli, oradan minlərlə insan evinə çörək aparırdı, iş yeri idi, onlar indi başqa sahəfə çalışa bilməz.
Düşünürəm ki, fəaliyyəti xarici reytinqli elmi dərgilərdə nəşr olunma, müxtəlif qrant müsabiqələrində aktivliyi və beynəlxalq elmi yığıncaqlarda iştirakının yüksək göstəriciləri ilə xarakterizə edilən əməkdaşlar elmdə saxlanılmalıdır.
Bununla yanaşı, elmi işin keyfiyyətini yüksəltmək, rəqabət mühitini yaratmaq və mobilliyi artırmaq lazımdır. Bu səbəbdən xüsusilə gənclər arasında gənc mütəxəssislərin fəaliyyətinin stimullaşdırılmasının şərtlərini əks etdirən müqavilələrin bağlanılması məqsədəuyğundur.
AMEA-nın çox mənasız xərcləri var idi. Misal üçün, 2021-ci ildə AMEA-nın 46 elmi tədqiqat müəssisələrinin və təşkilatlarının xərc sifarişləri əsasında 101,0 milyon, 2020-ci ildə 99.5 milyon manat məbləğində vəsait yönəldilib.
2022-ci ildə isə bu məbləğ 15 faiz artırılaraq 135 milyon manata çatdırılmışdı. Yəni dövlət büdcəsinin 0.7 faizi AMEA-ya ayrılıb.
Açıq etiraf edək ki, AMEA milli iqtisadiyyata, xüsusilə qeyri-neft sektorunun inkişafına töhfə verməyib. AMEA layihələrindən heç vaxt iqtisadi faydalar qazanılmayıb.
AMEA-dakılar hamıdan ağıllı və biliklidirlərsə, bundan sonra isə məqsədləri daha mütəşəkkil formada fəaliyyəti həyata keçirərək idxalın əvəz edilməsi, rəqabətqabiliyyətli ixrac potensialının artırılması və nəticə etibarilə AMEA-nın özünün də gəlir əldə edərək öz büdcəsinin gəlirlər hissəsində payını artırsın.
Bu gün 11 futbolçudan ibarət olan Qarabağ FK-nın gəlirləri AMEA-dan çoxdur”.
Şayəstə




