Əfqanıstanın qərbində, Herat əyalətində İslami İrşad Nazirliyinin şöbəsi musiqi alətlərini müsadirə edərək yandırıb. Elchi.az bu barədə RİA Novostiyə istinadən xəbər verir.
Agentlikdən verilən məlumata görə, nazirliyin nümayəndələri hər hansı musiqi alətinin satışının və istifadəsinin din tərəfindən qadağan olunduğunu bildirib. Qanunu pozanların ciddi hüquqi nəticələrlə üzləşəcəyini qeyd ediblər. Onların fikrincə, musiqi gəncləri yanlış yola sürükləyir.
Taliban hakimiyyətə gəldikdən sonra Əfqanıstanda avtomobillərdə musiqiyə və hicabsız qadınların daşınmasına qadağa artıq geniş yayılıb. Qadın səslərindən istifadə edilən musiqi əsərləri də qadağan edilib. Həmçinin Qəndəhar əyalətində televiziya və radio stansiyalarında qadın səsləri qadağan edilib.
Qeyd edək ki, iyulun əvvəlində Taliban Əfqanıstanda gözəllik salonlarının fəaliyyətinə qadağa qoyub.
Havar Şəfiyeva






