Runa Xan adlı 6 uşaq anası Facebook-da “Suriya terror postları”na görə 5 il üç ay müddətinə azadlıqdan məhrum edilib.
Lyuton qəsəbəsində yaşayan Runa Xan bundan əvvəl Suriyada terrorizmi qızışdırmaq ittihamını etiraf edib.
Xəbər verilir ki, 35 yaşlı Xan, xəbəri olmadan intihar jiletinin şəklini və Suriyaya getmək yolları barədə təlimatı məxfi polis casusuna post edib.
Məhkəmə dinləməsində polis Xanın əllərində odlu silahlar və qılınc tutan övladlarının fotoşəkillərini nümayiş etdirib.
Hakim Peter Birts deyib ki, bu fotoların yalnız bir izahı ola bilər və bu da Xanın başqalarını radikallaşdırmaq niyyətidir.
“BBC Newsnight” proqramına verdiyi müsahibədə gənc qadın bildirib ki, o “inanclarını post edirmiş”.
Ekstremist islamçı baxışlar
Məhkəmə zamanı bildirilib ki, 2013-cü ilin sentyabrında Xan islamçıların analarına ünvanlanmış “Mücahid uşaqları necə böyütməli?” adlı bir məqaləni Facebook hesabından post edib.
Hakimin qənaətinə görə bu, “qadınları cihada həvəsləndirən təlimat” kimi qiymətləndirilə bilər.
Xan həmçinin, ekstremist internet saytlarından birinə etdiyi postda yazır ki, oğlunun bir gün cihadçı olduğunu görmək istəyir.
“Mən onun gödəkçəsinin zəncirbəndini bağlamağımın şəklini çəkmişəm, inşaalah bir gün onun alnına şəhid sarğısını bağlayıb, əlinə silah verəcəyəm və onu böyük oğlanların oyununda iştirak etməyə göndərəcəyəm” – yazırdı Xan.
Prokuror Paul Jarvis bildirib ki, Xan “ekstremist islamçı baxışlara” sahib bir şəxsdir.
Onun hərəkətləri məxfi polis agenti olduğunu bilmədiyi bir şəxslə Facebook-da apardığı şəxsi söhbətdən aşkara çıxıb.
Onun Facebook-da həmin məxfi polisə göndərdiyi mesajda Suriyaya getmək marşrutu göstərilmişdi. Xan bu marşrutun planını ötən cümə günü terrorizm hərəkətlərinə görə azadlıqdan məhrum edilmiş Britaniya vətəndaşı Məhəmməd Nahin Əhməddən aldığını bildirib.
Polis onun evinə 2013-cü ilin oktyabrında reyd keçirərkən onun telefonunda əynində əba, əlində oyuncaq avtomat olan iki yaşlı oğlunun fotosunu aşkar edib.
Evdən tapılmış başqa şəkillərdə Suriyada əllərində silah və hətta bir şəkildə qumbara tutan uşaqlar əks olunub.
“İnadkar” və “sadəlövh”
Xanın vəkili Jo Sidhu müdafiə etdiyi şəxsi öz dini inanclarında “inadkar” birisi kimi təqdim edib.
Vəkil deyib ki, “bu qadın tamamilə müdafiəsiz, sadəlövh olub və onun düşüncə tərzində heç bir sistemli islami təlim olmayıb”.
Lakin bələdiyyə polisinin antiterrorism bölməsinin başçısı Richard Walton bu qənaətdədir ki, Xan sosial mediadan “terrorçuluq aləti” kimi istifadə edib.
“Xan bu mediadan ekstremizmi yaymaq, başqalarını radikallaşdırmaq və uşaqlardan terrorçuluq məqsədi ilə istifadəyə haqq qazandırmaq üçün faydalanıb” – deyib polis zabiti.
O bəyan edib ki, hazırda polisin məqsədi interneti terrorçular üçün daha çətin məkana çevirməkdir.
“Bugünkü məhkəmə bu məqsədin düzgünlüyünü isbat etdi” – deyib Richard Walton



