
“Azəryolservis” ASC tərəfindən şimal və cənub istiqamətlərindən gələn avtonəqliyyat vasitələri üçün “VAZ yol qovşağı” adlanan sahədə və Bakı-Ələt yolunun 15-ci kilometrliyində ödənişsiz duracaqların təşkili məqsədilə tikinti işləri aparılıb. Eyni zamanda yollarda tixacların qarşısını almaq üçün də bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilməkdədir”.
Bu fikirləri musavat.com-a qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli söyləyib. O, həyata keçirilən və nəzərdə tutulan planlar barəsində aşağıdakıları danışıb:
“VAZ yol qovşağı” adlanan sahədə yaradılan ödənişsiz duracağa giriş-çıxışı təmin etmək məqsədi ilə “Azəryolservis” tərəfindən 280 metr uzunluğunda 12 metr enində yeni yol tikilib. Babək prospektində Nəcəfqulu Rəfiyev küçəsilə kəsişmədə yerləşən dairəyə çatmamış geri dönmə üçün yeni yol hissəsi salındı ki, dairədə tıxac baş verməsin. Bundan sonra Xətai prospekti ilə Heydər Əliyev prospektlərinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsində də anoloji işlər aparılacaq. Nəqliyyatın sıxlığını aradan qaldırmaq məqsədilə “Qələbə” dairəsində, “20 Yanvar” dairəsində, Statistika Komitəsinin önündə yerləşən dairədə nəqliyyat vasitələrinin hərəkətində də müəyyən dəyişiliklər aparılıb. Bakı-Ələt yolunun 15 km-də yaradılan ödənişsiz duracağa giriş-çıxış məqsədilə isə uzunluğu 700 metr, eni 8 metr olan sürətli keçid zolağı tikilib”.
A.Nəcəfli bildirib ki, yeni tədris ilinin başlanması nəzərə alınaraq “Azəryolservis” tərəfindən bir sıra tədbirlər həyata keçirilib:
“Piyadaların yollardan təhlükəsiz və rahat şəkildə keçməsini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC tərəfindən xüsusi olaraq məktəblər yerləşən 91 küçə və prospektdə 157 yerdə zebra tipli üfüqi nişanlama xətləri çəkilib. Bundan başqa, Bakı şəhərində 28 küçə və prospektdə 164 avtobus dayanacağında məlumatverici üfüqi nişanlanma xətləri çəkilib. Görülən bütün tədbirlər sürücülərin və piyadaların rahatlığını təmin etmək məqsədi daşıyır”.



