ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Amerikanın hazırkı lideri Co Bayden prezident seçkilərindən əvvəl III Dünya Müharibəsinə başlaya və ABŞ-ı məhv edə bilər. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Seçkilərə yaxın olsaq da, kifayət qədər yaxın deyilik. On ay ərzində ölkəmizi tamamilə məhv edə bilərlər”, – deyə siyasətçi bildirib.
Trampın sözlərinə görə, o, Ukrayna və Yaxın Şərqdə münaqişələrə imkan verməyəcək. O, həmçinin qeyd edib ki, Koreya yarımadasındakı vəziyyəti nəzarətdə saxlayacaq, çünki Baydendən fərqli olaraq o, dünya liderləri ilə necə anlaşacağını bilir. Tramp özünü ABŞ-ı xilas edə biləcək yeganə namizəd adlandırıb.
Bayden daha əvvəl demişdi ki, Donald Trampın prezident seçkilərində qələbəsi ABŞ üçün çoxlu təhlükələr yaradır. Ağ Evin hazırkı rəhbəri hesab edir ki, Tramp ilk növbədə Amerika demokratiyasını təhdid edir.
Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.
Havar Şəfiyeva






