Elchi.az xəbər verir ki, keçmiş millət vəkili Eldar Sabiroğlu Moderator.az-a açıqlamasında Türkiyədə keçirilən 7 iyun seçkilərinin nəticələrini şərh edib:
“Türkiyə çətin sınaq qarşısındadır. Hökumət böhranına yol açan 7 iyun seçkiləri ölkənin siyasi tarixinə çox ağır damğa vurub. Demək olar ki, iqtidar partiyası yarandığı gündən ən ağır zərbə alaraq ilk dəfə qatıldığı seçkilərdən faktiki olaraq məğlub çıxdı. Təkbaşına hökumət olmaq iddiasıyla meydanlara atılan AKP istəyinə nail ola bilmədi. Günahkarı isə kənarda axtarmağın yeri yoxdur. Günahkar Ərdoğanın özüdür.
O vəziyyətin bu cür kəskin dəyişəcəyini nəinki gözləyir, ümumiyyətlə, məğlubiyyəti yaxına buraxmaq istəmirdi. Böhranın daha dərinlərə işləməsi ehtimalını isə unutmaq olmazdı. Uçurumsa birdən-birə yaranmadı. Bu gün ən böyük məsuliyyət həm də AKP-nin məğlubiyyətini və təkbaşına iqtidar ola bilməyəcəyinin sevincini toy-bayram edən müxalifət partiyalarının üzərinə düşür. Onlar dünyanın dörd gözlə prosesləri izlədiyi məqamda siyasi ambisiyalarını kənara qoyub bu seçkilərdə özlərinin də dəqiqəbaşı iddia etdikləri kimi Türkiyənin qazanması üçün hərəkətə keçərək ən qısa zamanda koalisyon hökumətin qurulmasına çalışmalıdırlar. Əks təqdirdə təkrar seçkilərə getmək məcburiyyəti Türkiyəni daha arzuolunmaz böhranlara sürükləyə bilər. Əlbəttə, ölkədəki böhranı aradan qaldırmaq üçün ilk təşəbbüs AKP-dən gəlməlidir. Çünki yaranmış situasiyanın baş aktoru olan hakim partiya xalqın seçiminə hörmətlə yanaşaraq güzəştə getməyi bacarmalıdır.
Çoxları AKP-nin məğlubiyyətinin səbəblərini axtarır. Amma bu cür sonluq gözlənilən idi və son illər Ərdoğanın ölkədə təkhakimiyyətlilik yaratması meylləri, avtoritarizmə yuvarlanması təkcə sərhədlərin o tayında deyil, daxildə də xəyal qırıqlığına yol açmışdı. Hətta illər uzunu AKP-yə simpatiya bəsləyən çoxsaylı seçicilər də Ərdoğanın son davranışlarından pərt duruma düşərək seçimlərində yanıldıqlarına əmin olmuşdular. Ərdoğanın ölkəni həbs dalğasına məruz qoyması, orduya qarşı qəddar davranışları, yolsuzluğa imza atmış komanda üzvlərinin müdafiəsinə qalxması onun siyasi reputasiyasını xeyli zəiflətmişdi və nəticədə 7 iyun seçkiləri Ərdoğanın məğlubiyyətiylə nəticələndi.
Təbii ki, AKP bu seçkilərin də favoriti oldu və hamıdan çox səs topladı. Amma bu səslər demək olar ki, Ərdoğana həmişəki kimi yenə də ötkəm bəyanatlar verməsi üçün bəs eləmədi. Təsəvvür edin ki, AKP 70 deputat yerindən məhrum oldu və bu toplam 5 milyondan artıq səsin itirilməsi anlamına gəlir. Amma heç də dünyanın sonu deyil və Ərdoğan-Davudoğlu cütlüyü etdikləri səhvləri götür-qoy edərək Türkiyənin gələcəyi naminə güzəştlərə getsələr, vəziyyət heç də böhran həddinədək ağırlaşmaz.”




