Qüdrət Həsənquliyev: “Avropa Birliyi modelində birlik yaradılmalıdır”
“Azərbaycan dövləti türk dövlətlərinin inteqrasiyasına, türk dövlətlərinin təşkilatlarının yaranmasına xüsusi töhfə verib. Əlbəttə, biz, bu protokolu təsdiq etməliyik və bunu alqışlayırıq”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında” Protokolun təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib. Millət vəkili əlavə edib ki, amma Türkiyə ilə Azərbaycan arasında münasibətlər daha yüksək səviyyəyə qaldırılmalıdır: “Hesab edirəm ki, Azərbaycanla Türkiyə Avropa Birliyi modelində bir birlik yaratmalıdır. Vahid valyuta, vahid gömrük siyasəti, gömrük sərhədləri olmalıdır. Gələcəkdə bura digər türk respublikaları və slavyan respublikaları da qoşula bilər. Biz, bu istiqamətdə ciddi şəkildə çalışmalıyıq. Bu iqtisadiyyatımızın inkişafına töhfə verər. Həm də bizim təhükəsizliyimizi təmin etmiş olar”.
Millət vəkili həmçinin “Qoşulmama Hərakatının dünən keçirilın toplantısında cənab Prezident çıxışında Fransanı ciddi tənqid elədi”,- deyə əlavə edib: “Amma mən fikir verdim, erməni və fransız bacılardan daha çox, bundan ermənipərəst, Qərb dairələrinə xidmət edən daxildəki insanlar narahat olub. Dünən internet tv-lərdə ölkə prezidentinə çağırışlar edilirdi ki, siz, təcili Ermənistanla sülh sazişi imzalamalısınız. Sanki bu sülh sazişini bağlamayan bizik, günah bizdədir. Ümumiyyətlə belə bir mesaj ötürülürdü. O insanlara yazıqlar olsun. Özü də həmin insanlar həmişə çalışıblar ki, başqalarna vətənpətvərlik dərsi keçsinlər. Ona görə də bizim güclü müttəfiqlərə və türk dövlətlərinin interqasiyasına ehtiyacımız var. Qanun layihəsinə səs verəcəyəm və hökuməti də bu istiqamətdə ciddi düşünməyə çağırıram”.




