Türkiyə təhlükəsizlik orqanları tərəfindən Rusiyanın Suriyadakı hərbi əməliyyatları ilə bağlı hesabat hazırlanıb.
Publika.az xəbər verir ki, Türkiyə kəşfiyyatının məlumatında Rusiyanın Suriyada daha çox İŞİD-in əlində olan neft quyularını deyil, buğda zəmilərini və su anbarlarını hədəfə aldığı göstərilir.
Buna səbəb isə İŞİD-in əlindəki neftin Rusiya şirkəti vasitəsilə Əsədə satılmasıdır. Bundan Rusiyanın özü də qazanc götürür.
Bundan başqa, Rusiya hərbi təyyarələrinin PYD-yə də (PKK-nın Suriya qolu – red.) havadan dəstək verdiyi qeyd olunur. Belə ki, dekabrın 1-də Hələbin şimalındakı Mare-Suran-Herceledə İŞİD-lə müxalifətin qarşı-qarşıya gəlməsi zamanı, həmçinin PYD ilə müxalifət qüvvələri arasında Azaz-Afrin arasındakı bölgədə yaşanan silahlı qarşıdurmalarda Rusiya təyyarələri İŞİD və PYD-yə ciddi dəstək verib. Bununla yanaşı, Rusiyaya aid bir helikopterin Azaz-Afrin quru yolunun şimalında yerləşən Darh obası ilə Bülbül kəndi arasındakı PYD düşərgəsinə endiyi, helikopterdə silah-sursatın olduğu qeyd olunur.




