
Türkiyənin qeyri-rəsmi nümayəndə heyəti insan haqlarının vəziyyətini öyrənmək üçün səfər etdiyi Krımdan qayıdıb.
Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO XİN başçılarının Antalya sammitinin yekunlarına dair bu gün keçirilən mətbuat konfransında bildirib.
“Bizim qeyri-rəsmi nümayəndə heyətimiz qayıdıb. O, iki qrupdan ibarət olub. Bir qrup Krımın hazırkı, de-fakto rəhbərliyi ilə görüşüb. İkincisi isə əhaliyə qarışaraq camaat arasında situasiyanı araşdırıb. Öz təəssüratları haqda onlar qısa şəkildə bizə danışdılar. Hesabatı sonra açıqlayacağıq”, – deyə nazir qeyd edib.
“Bu dəqiqə üçün qısaca söyləsəm, təəssüflə deməliyəm ki, Krımda insan haqlarının pozulması davam edir. Ələlxüsus da Krım tatarlarına təzyiqlər davam edir” – deyə Türkiyə XİN başçısı əlavə edib.



