“Başqasının torpağına göz dikmək gələcək nəsillərin gələcəyini oğurlamaq deməkdir. On illər sonra olsa belə, gələcək nəsillər bunun bədəlini gec-tez ödəyir”.
Bu fikirləri Elchi.az-a açıqlamasında politoloq Azər Qasımov söyləyib:
“Azərbaycan xalqı bunun üçün 30 il gözlədi. Torpaq işğalında əli olan ermənilərin ata-babalarının günahlarını onların oğul və nəvələrinə ödətməklə, qisasını da aldı, torpaqlarını da. Azərbaycan xalqı igid oğullarının qəhrəmanlığı sayəsində öz torpaqlarına qayıtdı. Laçın şəhəri də geri alındı. Az miqdarda işğalda qalan torpaqlar da tez bir zamanda mütləq alınacaq.
İşğalçılıq hər bir toplumu inkişafdan saxlayan, qarşı tərəf üçün isə stimulverici faktordur. İşğalla heç bir xalq barışmır. Nəsildən-nəslə ötürülən intiqam hissi mütləq nəticə verir.
Ukrayna xalqı da rus işğalı ilə heç vaxt barışmayacaq. Müharibə uzansa da, itkilər daha da artsa da, ədalət öz yerini tapacaq. Rusiya Ukrayna torpaqlarını ələ keçirə bilər, amma Ukrayna xalqının iradəsini qıra bilməz. Ukrayna xalqının da Azərbaycan xalqı kimi qələbə sevinci gətirən xəbərləri uzaqda deyil. İşğalçının mahiyyəti eynidir. Nə qədər güclü olsa da belə, həmişə əks tərəf qarşısında psixoloji olaraq özünü zəif hiss edir. Bu da qələbəni şərtləndirən faktordur”.
Yeganə





