Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tərəfdaş ölkələri Ukrayna üzərində hava məkanını bağlamağa çağırıb.
Elchi.az-ın “Ukrinform”a istinadən xəbərinə görə, bu barədə Ukrayna XİN başçısı yerli televiziya kanallarının efirində deyib.
“Biz NATO tərəfdaşlarımıza çox aydın və sakit şəkildə deyirik ki, siz Rusiya ilə birbaşa qarşıdurmadan necə yayınmaq barədə nə qədər istəsəniz düşünə bilərsiniz, lakin indi onu dayandırmağa kömək etməsəniz, birbaşa qarşıdurma qaçılmaz olacaq, çünki siz növbəti hədəf olacaqsınız”, – Ukrayna XİN başçısı bildirib.
Nazir deyib ki, Rusiyanın NATO ölkələrinə hücum etməyə cəsarət etməyəcəyinə inananlar xatırlamalıdır ki, onlar Kremlin Ukrayna ilə birbaşa müharibəyə başlamaq planına da inanmırdılar: “Hamı bu barədə səhv etdi, elə ona görə də indi hərəkətə keçmək lazımdır”.
Ukrayna XİN rəhbəri qeyd edib ki, Ukrayna səmasının bağlanması məsələsi son dərəcə aktualdır və müxtəlif ssenarilər mövcuddur. “Məsələn, bütün hava məkanını deyil, bir hissəsini bağlamaq olar, silahlı qüvvələrimizi döyüş təyyarələri və müdafiə sistemləri ilə təchizatını təmin etmək olar.
Biz tərəfdaşlarımıza açıq şəkildə deyirik: Etdiyiniz hər şeyə görə sizə minnətdarıq. Amma indi konkret təhlükə var və bu təhlükə vətəndaşlarımızı havadan öldürməyə davam edəcək. Yəni radikal qərar qəbul etməsəniz, Ukraynanın hava qüvvələrinin müdafiəsini gücləndirəcək addımlar atmasanız, ölən vətəndaşlarımızın qanı həm də sizin əllərinizdə olacaq”, – XİN rəhbəri bildirib.





