Kiyevdə tələbələr, bu ölkədə yaşayan azərbaycanlılar və eləcə də dilimizi öyrənmək istəyənlər üçün nəzərdə tutulmuş “Azərbaycan dili” vəsaiti nəşr edilib.
Azərbaycanın Ukraynadakı səfirliyindən APA-ya verilən məlumata görə, ökəmizin tanınmış tədqiqatçı alimləri Rafiq Novruzov və İkram Qasımovun Azərbaycan və Ukrayna dilində qarşılıqlı izahla müasir elmi-metodiki tələblərə uyğun şəkildə hazırladıqları dərs vəsaiti Ukrayna Təhsil və Elm Nazirliyi Kiyev Milli Linqvistik Universitetinin Şərqşünaslıq fakültəsində müəlliflərin uzun müddət tədris təcrübələri əsasında ərsəyə gəlib.
Kitabın redaktoru Kiyev Milli Linqvistik Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, Yaxın və Orta Şərq dilləri və sivilizasiyaları kafedrasının müdiri, filologiya elmlər namizədi, dosent Serqey Vladimiroviç Sorokindir.
Kitab Azərbaycanın dövlət himni və Heydər Əliyevin “Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdən biridir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir” cümlələri ilə başlayır. Vəsaitə giriş sözünü Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli yazıb.
Kitabda tərcümə tapşırıqları üçün seçilmiş materiallar, nəsr və şeirlər, oxu mətnləri, Azərbaycançılıq məfkurəsi aşılayan, təşviq və təlqinedici nümunələr də yer alıb və çox işlənən ifadələrin Ukraynaca qarşılıqları veriib.



