…Birdən dəhlizdəki səs-küy artdı. Söhbətimizi yarımçıq saxlayıb, otaqdan çıxanlara göz yetirdik. 2 polis əməkdaşı, vəkil və əli qandallı Cavid Hüseynov… Cavidin əynində qara şalvar və ağ köynək var idi. Rəmzi olaraq ağ onun bir həftə əvvəlki, qara isə indiki durumunu göstərirdi. Sanki bir qədər sınıxmışdı. Hətta nisbətən arıqladığını da söyləmək olar. Bu anda dərhal yadıma Cavidin həbs olunduğu gün həmkarım Sənan Şəfizadənin yazdığı status düşdü. Cəmi 4-5 gün əvvəl əlində Azərbaycan və Türkiyə bayrağı ilə stadionda dövrə vuran, eyni anda minlərlə insanın adını çağırdığı şəxs, hazırda əli qandallı vəziyyətdə qarşımda dayanmışdı. Həyatımda ilk dəfə məhkəmə zalında idim. Bilmirəm bunun təsiri idi, yoxsa yox, amma həmin anda gördüyüm mənzərə ürəkağrıdıcı idi. Nəinki Cavidi, insan heç düşmənini belə, o cür vəziyyətdə görmək istəməz.
Cavid 2 polisin müşaiyəti ilə binanı tərk etdi və maşının yanında dayanıb, vəkili ilə bir qədər söhbət etdi. Mən də demək olar ki, Cavidin yanında idim. Qısaca “keçmiş olsun” deyib, gözlərinin içinə baxdım. Orda çox şey görmək olardı. Amma gördüklərimi necə yazacağımı bilmirəm…
Məhkəmə binasının qarşısında isə 10-a yaxın jurnalist (onlardan cəmi 2-si idman jurnalisti idi), Cavidin 10-15 nəfərə yaxın qohumu, ailə üzvləri, dostları və cəmi 3 futbolçu var idi. Kimisə qınamaq fikrində deyiləm. Amma belə çıxır ki, Cavid Hüseynovun taleyi cəmi 30-40 nəfəri maraqlandırır? Bəs, Cavid sizin fəxriniz, dostunuz, qardaşınız idi? Əminəm, bu gün Cavid məhkəmə zalında olmasaydı, hansısa restoranda bir məclis təşkil etsəydi, bundan ən azı 10 dəfə çox adam ora yığışacaqdı. Bizim cəmiyyətin ən böyük problemlərindən biri “yıxılana balta vurmaqdı”. Halbuki həyatda səhvsiz insan yoxdu. Çətin vəziyyətdə olan birinə yardım etmək əvəzinə onun daha da aşağı yuvarlanmasına, çökməsinə kömək edirik. Kimisə bitirmək çox asandı. Lakin çətin vəziyyətdə olan birini yenidən cəmiyyətə qazandırmaq hünər tələb edir. O hünər isə hər adamda olmur.
Kiprdə etdiyi jest zamanı çoxları Cavidə dəstək oldu. Az qala milli qəhrəman elan olunmuşdu. Bəs, Cavidə həmin vaxt dayaq olanlar, saxta patriotluq nümayiş etdirənlər indi hardadırlar? Nə üçün futbolçuya mənəvi dəstək olmurlar? Cavid Hüseynovun jurnalistin ölümündə əli olub-olmadığını dəqiq heç birimiz söyləyə bilmərik. Ən doğru qərarı yekunda məhkəmə verəcək. Ancaq belə görünür ki, çoxları artıq Cavid Hüseynovu unudub. Bir neçə gün əvvəl göylərə qaldırdıqları xalq qəhrəmanının indiki durumu onları maraqlandırmır.
Cavid Hüseynov günahkardısa, cəzasını alacaq. Ancaq heç bir valideyn günahkar olan övladından, dost dostundan imtina etmir. Bunu unutmayaq.
Mərhum jurnalistə Allah rəhmət etsin. Ondan sonra bu məsələdə ən böyük zərbə elə Cavidin özünə dəydi. Hər şey bir qırağa, o, hazırda Azərbaycanın ən yaxşı formada olan futbolçusu idi. Karyerasının pik çağını yaşayırdı. İndi isə o həbsxanadadır və ən yaxşı halda qarşıdakı 3 ayı ev dustağı kimi keçirməyə ümid edir. Bu 3 aydan sonra Cavid hansı formada olacaq? Əvvəlki formasını bərpa edə biləcək? Yenidən əvvəlki səviyyəyə yüksələ biləcək? Suallar çoxdu. Cavablar isə…
Məhkəmə önündə olan Cavidin keçmiş komanda yoldaşı, dostu Aqil Nəbiyev bütün jurnalistlərdən bir şeyi xahiş edirdi – hər şeyi olduğu kimi işıqlandırın. Aqilin bu sözündə həqiqət var. Heç kim inciməsin, amma bəzən elə yazılar oxuyursan ki…Dostlar, 1000, 2000 İP daha çox yığmaq heç bir insanın taleyindən vacib ola bilməz. Bu gün məhkəmə önündə Cavidlə üz-üzə dayanmışdıq. Onun əli qandallı vəziyyətdə şəklini də çəkmək olardı, lap 1-2 cümlə fikrini öyrənmək də. Amma həyatda işdən də, puldan da vacib olan mənəvi dəyərlər var. Cavid günahkardısa, onsuz da layiqli cəzasını alacaq. Günahkar deyilsə…nəyisə yazmamışdan öncə heç olmasa ikinci ehtimalı düşünək.
İBRAHİM




