
Şərqi Türküstanda baş verənlərə dünya sussa da, Azərbaycan gəncləri susmadılar
Müşfiq Atilla Vəliyev: “Mübarizəmizi görməməzlikdən gəlirlər”
Son günlərdə Şərqi Türküstanda uyğur türklərinə qarşı kütləvi qətliam prosesi həyata keçirilir. Çin hökuməti hər gün onlarla uyğurun həyatına son qoyur. Bundan daha dəhşətlisi isə insanların dininə əl uzadılmasıdır. Belə ki, küçələrdə qadınların başından örtüklər götürülür, insanların məscidə getmələrinə və oruc tutmalarına ciddi əngəllər yaradılır.
Bütün bunlara etiraz edən uyğur türkləri isə zorakılığa məruz qalırlar.
Onu da qeyd edək ki, Şərqi Türküstanda baş verən qırğınlarla bağlı paylaşılan fotolarda bir sıra şübhəli məqamlar ortaya çıxıb. Belə ki, qətliamı özündə əks etdirən şəkillərin digər hadisələrdən götürüldüyü üzə çıxıb. Ya dəhşətli avtomobil qəzasından, ya da dünyanın hansısa yerində baş verən faciədən şəkillər götürüldüyü məlum olub. Çoxları hesab edir ki, bu yolla əslində qalsa, baş verən dəhşətli faciənin üstünə kölgə salmaq istəyirlər.
Uyğur türklərinin qətlinə dünya sussa da, Azərbaycan susmadı. Belə ki, iyulun 1-də Çinin Azərbaycandakı səfirliyinin qarşısında Şərqi Türküstanda baş verən hadisələrə etiraz olaraq, aksiya keçirilib. Aksiya Milliyyətçi Gənclər Təşkilatı (MGT) tərəfindən təşkil olunub. İştirakçılarından saxlanılanlar olsa da, sonradan azad olunublar.
MGT-nin idarə heyətinin üzvü Müşfiq Atilla Vəliyev qətliamla bağlı paylaşılan şəkillərdə bəzi şübhəli məqamların olduğunu bildirdi: “Doğrudur, uyğur türklərinə qarşı törədilən hadisələrlə bağlı əlavə şəkillər olub. Amma əminəm ki, belə şəkillərin nümayiş etdirilməsində məqsəd var. Dünya ictimaiyyətinə göstərmək istəyirlər ki, guya yalandır. O şəkillərin yayılmasında birbaşa məqsəd var. 2010-cu ildə şəxsən özüm uyğurlar yaşayan əraziyə getmişəm. Yerli əhali ilə danışmışam. Həqiqətən də orada uyğur türklərinə qarşı soyqırım siyasəti aparılır. Çin rejimi tərəfindən təzyiqlər həddindən artıqdır. Öldürmələr, işgəncə halları var. Belə videolar, şəkillər saysız-hesabsızdır. Yerli camaatla danışılsa, hər şey üzə çıxar. Sadəcə, araşdırma aparmaq lazımdır”.
MGT idarə heyətinin üzvü aksiyaya görə ciddi qınaqlarla üzləşdiklərini də qeyd etdi: “Bizi qınayanlar çox oldu. Əsas gətirdilər ki, problemlərimiz qalıb burada, uyğur türkləri müdafiə olunur. Unutmaq olmaz ki, uyğurların yaşadığı insanlıq dramıdır. Şovinist siyasətin qurbanı olurlar. Körpələr, qadınlar məhv edilir. Buna etirazımızı sivil şəkildə bildirdik. Saxlanılmalar oldu. 10 nəfərə yaxın üzvümüz mən də daxil olmaqla saxlanıldı. Xəbərdarlıqdan sonra buraxıldıq. Çalışdıq ki, polislə münaqişəmiz olmasın. Buna baxmayaraq, yenə də bizi saxladılar”.
Müşfiq Atilla Vəliyev daim bu cür hadisələrə reaksiya verdiklərini söylədi: “Əsgər ölümlərinə son”, İsmayıllı hadisələri və bu tipli hadisələrdən qaçmamışıq. Gənclər olaraq sözümüzü demişik. Millətimizin daim yanında olmuşuq. Kimlər bizə deyirsə ki, başqa xalqların problemini qabardırıq, səhv fikirdir. Əsla belə deyil. Ölkəmizdə baş verən problemləri də daim öndə tuturuq. Keçən il cəbhədə baş verənlərlə bağlı yeganə aksiyanı biz keçirdik. Eyni anda Bakı və Gəncədə aksiyamız baş tutdu. Bakıdan 14 nəfərə, Gəncədən isə üç nəfərə mən də daxil olmaqla, bir neçə sutkalıq həbslər verildi. Biz daim sözümüzü deyirik. Heç nədən çəkinmirik. Sona qədər də sözümüzü deyəcəyik. Çox təəssüflər olsun ki, mübarizəmizi görməməzlikdən gəlirlər. Qiymət verən yoxdur. Həbslərimizi müxalifət, qərbyönlü dairələr, AzadlıqRadiosu, Meydan.TV və başqaları heç vaxt gündəmə gətirmirlər. Bizləri müdafiə etmirlər. Burada qərəzli mövqe var. Etirazımızı daim ifadə etmişik, edəcəyik də… Millətçi gənclər olaraq, daim millətimizin yanındayıq”.