Fəxrəddin Mehdiyev: “Bu, köhnə xəbərdi və müvəkkilimi azadlığa qovuşduracaq qərar verilməyib” 
Məhkum Lamiyə Quliyevanın məhbəsdə ana olması xəbəri yayılan gündən 2 həftədən artıq vaxt keçir. Penitensiar Xidmət, Ombudsmanlıq məsələni araşdırdıqlarını bəyan etsələr də, bu gün də ortada nəticə yoxdur. Qəribə orasıdır ki, böyük bir cinayəti görməyib medianı suçlayanlar Penitensiar Xidmət, Ombudsmanlıq kimi “uşağın atası kimdir” sualı qarşısında acizdirlər.
Detallara da varmadan “bu şəxsi məsələdir, üstünə bu qədər niyə gedilir” kimi qınaqlar var. Amma bu qınaqları səsləndirənlər L.Quliyeva və Vüqar Əliyevin həbsə aparan məsələnin mahiyyətinə, məhkumların həbsdə ikən üzləşdikləri qanunsuzluqlara diqqət etməkdən uzaqdırlar…
“Lamiyə Quliyeva bəraət aldı” başlığına vəkil düzəliş verdi
Bu gün azvision.az-ın L.Quliyeva haqda xəbəri bir andaca bütün saytların əsas xəbərinə çevrildi. “Lamiyə Quliyevaya bəraət verildi” başlığı hətta məhkum qadının başına gətirilən müsibətləri görməzdən gələn saytların da manşeti oldu.
Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev “Yeni Müsavat”a deyib ki, xəbər köhnədir: “Lamiyə Quliyevaya ümumilikdə 3 dəfə ittiham irəli sürülüb. 2003-cü ildə onu Cinayət Məcəlləsinin 120-ci – qəsdən adam öldürmə maddəsi ilə ittiham edib 10 müddətinə azadlqıdan məhrum ediblər. 2-ci dəfə, 2012-ci ildə Lamiyə Quliyevaya Cinayət Məcəlləsinin 317-ci – cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma – maddəsi ilə ittiham elan olunub. Bu maddə ilə məhkəmə qarşısına çıxarılıb və 5 il 6 ay əvvəlki hökmlə təyin olunmuş cəzanın üstünə gəlinib. Yəni Lamiyə Quliyevanın cəzası 15 il 6 aya çatdırılıb. Bundan 1 il sonra, 2013-cü ildə Lamiyə Quliyevaya növbəti – 3-cü dəfə ittiham verilib. Guya Lamiyə Quliyeva digər məhkumdan hədə-qorxu ilə pul tələb edib. O vaxt mənimlə Xətai Rayon Məhkəməsində Lamiyənin hüquqlarını müdafiə etmək üçün müqavilə bağlandı. Cinayət Məcəlləsinin 182-ci – hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi başlamışdılar. İttihamın əsasını bir qadın məhkumun yalnız ifadəsi təşkil edirdi. Guya Lamiyə hədə-qorxu ilə ondan pul tələb edib. Əsassız, qondarma ittiham idi. İşə Xətai Rayon Məhkəməsində hakim İbrahim İbrahimov baxdı və bəraətverici əsaslarla hökm çıxarıldı. Lakin prokurorluq protest verdi, iş Bakı Apelyasiya Məhkəməsinə göndərildi. Hakim Sahibxan Mirzəyev həmin hökmü ləgv edib Lamiyə Quliyevanın cəzasını 6 il 6 ay artırdı. Ali Məhkəmədə hakim Hafiz Nəsibov Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edib birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxladı. Bəli, bu işlə Lamiyə Quliyevaya bəraət ala bildik. Amma bu bəraət hökmü onun azadlığa çxmasına səbəb olmadı”.
“Onun psixoloji cəhətdən sındırılmasına yönəlmiş, hesablanmış…”
F.Mehdiyev sonuncu ittihamın əsasını təşkil edən ifadənin Aslan Aslanovun sifarişi ilə verilməsi haqda suala belə cavab verib: “Lamiyənin təqsirləndirilməsinə dair cinayət işlərinin başlanması, ardıcıllığı, intervalları göstərirdi ki, bu, ittiham edilənə qarşıdır. Onun psixoloji cəhətdən sındırılmasına yönəlmiş, hesablanmış addımlar idi. Cinayət işinin başlanması, işdəki xüsusiyyətlər ona dəlalət edirdi ki, bu, hesablanmış addımlardır”.
Vəkil müvəkkili ilə görüş üçün Penitensiar Xidmətə 1 həftə əvvəl ünvanladığı məktuba hələ də cavab ala bilmədiyini söylədi: “Lamiyə ilə görüşmək üçün Penitensiar Xidmət icazə verməlidir. 1 həftə əvvəl müraciət etmişəm, amma cavab verməyiblər. Cavab olan kimi onunla görüşə gedəcəyəm”.
Vəkil prezidentə müraciət edəcək
| “Lamiyə Quliyeva ana olubsa buna kimsə irad bildirə bilməz. Amma bu məhbəsdə, qadının rəsmi nikahı olmadığı halda baş veribsə, artıq cinayət tərkibi yaranır. Cinayət Məcəlləsinin fahişəliyə cəlb etmə və səlahiyyət həddini aşma maddələri ilə cinayət işi başlanmalı, araşdırma aparılmalıdır” |
Həbs edilərkən L.Quliyevanın nişanlısı olmuş, sonradan isə məhbəsdə digər qadınla ailə həyatı quran Vüqar Əliyevin vəkili Adəm Məmmədov hər 2 şəxsin azad edilməli olduğunu deyib: “Lamiyə Quliyevanın Cəzaçəkmə Müəssisəsində ana olması cəmiyyətin diqqətini bu olayın üstündə fokslaşdırdı. Lamiyə Quliyeva ana olubsa buna kimsə irad bildirə bilməz. Amma bu məhbəsdə, qadının rəsmi nikahı olmadığı halda baş veribsə, artıq cinayət tərkibi yaranır. Cinayət Məcəlləsinin fahişəliyə cəlb etmə və səlahiyyət həddini aşma maddələri ilə cinayət işi başlanmalı, araşdırma aparılmalıdır.
Əgər müəssisə nəzarətçisi, rəisi və ya digər şəxs pul qarşılığında bunu edibsə, burada fahişəliyə cəlb etmənin əlamətləri var. Kimliyindən asılı olmayaraq bu cinayətin sifarişçiləri varsa müəyyən edilməli, qadının cəzaçəkmə yerindən çıxarılmasına şərait yaradanlar və ya onun yanına digər şəxsin gəlməsinə göz yumanlar məsuliyyətə cəlb edilməlidirlər. Cəzaçəkmə müəssisəsindən Lamiyə Quliyevanın çıxarılması, gizli görüşün baş tutması onu deməyə əsas verir ki, dəfələrlə adam öldürmüş, killer olaraq həbsxana divarları arasına salınan şəxslər də hansısa maraqlar qarşısında saxlanma yerini tərk edə bilər. Bu çox təhlükəli bir cinayətə şərait yaradılmasıdır. Lamiyə Quliyeva kiminləsə münasibət qura bilər. Amma Cəzaçəkmə Müəssisəsində çalışanlar bunun qarşısını almağa borcludurlar”.
Vəkil müvəkkili V.Əliyevlə görüşmək üçün Penitensiar Xidmətə müraciət etdiyini, lakin müraciətinin cavabsız buraxıldığını deyib: “Cavab verilən kimi gedib Vüqar Əliyevlə görüşəcəyəm.
“Cəzaçəkmə müəssisəsindən Lamiyə Quliyevanın çıxarılması, gizli görüşün baş tutması onu deməyə əsas verir ki, dəfələrlə adam öldürmüş, killer olaraq həbsxana divarları arasına salınan şəxslər də hansısa maraqlar qarşısında saxlanma yerini tərk edə bilər. Bu çox təhlükəli bir cinayətə şərait yaradılmasıdır”
| “Cəzaçəkmə müəssisəsindən Lamiyə Quliyevanın çıxarılması, gizli görüşün baş tutması onu deməyə əsas verir ki, dəfələrlə adam öldürmüş, killer olaraq həbsxana divarları arasına salınan şəxslər də hansısa maraqlar qarşısında saxlanma yerini tərk edə bilər. Bu çox təhlükəli bir cinayətə şərait yaradılmasıdır” |
Onun prezidentə müarcət etməsini zəruri hesab edirəm. Bu işin arxasında birmənalı şəkildə Aslan Aslanov dayanıb. Ona görə də Vüqar Əliyevə ömürlük həbs cəzası verilib. Halbuki, Lamiyə Quliyeva özü məhkəmələrində dəfələrlə etiraf edib ki, qətli o törədib, Vüqar Əliyev isə sadəcə onun yanında olub. Bu ifadənin nəzərə alınmaması işin sifarişlə, qərəzlə aparıldığına birbaşa sübutdur. Bu günə qədər Azərbaycanda bir qadın məhkumun cəzasının bunca artırılması, ona əlavə ittihamlar irəli sürülməsi halı olmayıb. Bu iş əvvəl gündən sifarişlə aparılıb, Lamiyə Quliyeva həbs olunduğu gündən müstəntiq və digər şəxslər tərəfindən zorkılığa məruz qalıb. Bütün bu məsələlər araşdırılmaldır. İşdə adı hallanan Aslan Aslanovun oğlu Turqay Aslanovun Ədliyyə Nazirliyi İstintaq İdarəsinə müstəntiq vəzifəsinə təyinat almasının təsadüf olub-olmamasına aydınlıq gətirilməlidir. Aslanovun qardaşının polis rəisi olaraq hər 2 məhkumun ailəsinə qarşı etdiyi qanunuszluqlar araşdırılmalıdır”.
Qeyd edək ki, azvision.az Azərbaycan Respublikası Ali Məhkəməsinin 1 oktyabr 2014-cü il tarixli Qərarı ilə Quliyeva Lamiyə Sahib qızına bəraət verilməsi haqda xəbər yayıb. Xəbərdə deyilir: “Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Quliyeva Lamiyə Sahib qızı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli hökmündən verilmiş kassasiya şikayətinə baxaraq, təmin edib. Quliyeva Lamiyə Sahib qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli hökmü ləğv edilib”.
Bu xəbər qarşıqlıq yaradıb. Belə qəbul edilib ki, guya L.Quliyeva bəraət hökmü ilə azadlığa qovuşub. Əslində isə bəraət hökmü L.Quliyevanın növbəti dəfə cəza müddətinin artırılmasının qarşısını alıb.
E.MƏMMƏDƏLİYEV



