Bu gün Azərbaycan Ali Məhkəməsində hakim Kəmaləddin Bədəlovun rəhbərliyi ilə “Vətən Müharibəsi Əlilləri” ictimai birliyinin Ədliyyə Nazirliyi tərəfindən qeydə
alınmaması ilə bağlı təşkilatın təsisçisi Firudin Məmmədovun iddiasına baxılıb. Bunu 5 il əvvəl bir qrup Qarabağ müharibəsi əlili ilə birgə “Vətən Müharibəsi Əlilləri” ictimai birliyini yaradan F.Məmmədov özü bildirib.
“Düz beş ildir ki, biz bu təşkilatı yaratmışıq, düz beş ildir ki, Ədliyyə Nazirliyinin və məhkəmələrin qapılarında qalmışıq. Təkcə Ədliyyə nazirliyinə 8 dəfə rəsmi müraciət etmişik. Hər dəfə də, o sözü dəyişin, bu hərfi düzəldin, deyib imtina ediblər. Bundan sonra məhkəmələrə müraciət etmişik. Bu gün Ali Məhkəmədə kasasiya şikayətimizə baxıldı və iddiamızı təmin etmədilər. Axı biz öz problemlərimizin həlli ilə məşğuluq, ayrı bir istəyimiz yoxdur. Bunlar niyə mərdi qova-qova namərd edirlər? Axı bizlər təpədən dırnağa qədər Azərbaycana, torpağımıza, dövlətimizə-dövlətçiliyimizə bağlı adamlarıq! Bundan sonra Avropa Məhkəməsinə müraciət edəcəyik! Sonra da deyəcəklər ki, niyə Avropa məhkəməsinə müraciət etmisən? Axı mənim hansı yolum qalıb?” – deyə, F.Məmmədov bildirib.
“Vətən Müharibəsi Əlilləri” ictimai
birliyini mətbuat xidməti



