Vahid Əhmədov benzinin qiymətinin aşağı salınmasını təklif edərək, Tarif Şurasına müraciət ünvanladı
Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə öz işinə başlayıb. Cari məsələlərin müzakirəsi zamanı çıxış edən deputat Musa Quliyev Afinada Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına deputat Asəf Hacıyevin baş katib seçilməsini Azərbaycanın qələbəsi kimi xarakterizə etdi.
O, bildirdi ki, Ermənistan istisna olmaqla, 12 dövlətdən 11-i və yaxud 56 deputatdan 46-sı Azərbaycan nümayəndəsinə səs verdi. M.Quliyev çıxışların Azərbaycan dilində səslənməsini təklif etdi: “Bəzi dövlətlər öz dillərində danışdığı halda Azərbaycan deputatları ingilis dilində çıxış edir. Buna çox böyük xərc də tələb olunmur. Bir tərcüməçi aparmaq lazım gələcək”.
Oqtay Əsədov dedi ki, tərcümə məsələsinin qaydası var. Təşkilatlarda əvvəldən bu məsələni razılaşdırmaq lazımdır.
Vahid Əhmədov Qubada yəhudi icmasının rəhbərinin mənzilinə basqın edildiyini xatırladaraq, məsələni operativ və düzgün araşdrıdığına görə MTN və DİN-ə təşəkkür etdi: “Bu, sırf oğurluq hadisəsiydi. Həmin bandanın başında dayanan da Quba sakini olan yəhudi idi. Ona görə də burada milli çalar axtarılmasına ehtiyac yoxdur”.
Deputat neftin qiymətinin aşağı düşdüyü şəraitdə benzinin qiymətinin də aşağı endirilməsini zəruri saydı:“Hesab edirəm ki, Tarif Şurası məsələyə yenidən baxmalıdır, benzinin qiymətində dəyişikliyə ehtiyac var”.
V.Əhmədov Bakı ilə Moskva arasındakı münasibətlərin istiləşməsinə diqqət çəkərək, Qarabağ probleminin həllini gündəmə gətirdi: “Ancaq 2014-cü ildə Qarabağ məsələsində heç bir irəliləyişə nail olunmadı. Əgər biz Rusiyaya etimad göstərib, güzəştlərə gediriksə, Rusiya da Qarabağ məsələsinin həllində öz sözünü deməlidir”.
Fazil Mustafa ailə zəminində baş verən münaqişələrdə həddən artıq amansızlıqların müşahidə olunduğunu deyərək, təcili tədbirlərin görülməsinə çağırdı: “Bir çxış yolu müzakirə olunmalıdır. Bəlkə bizim müvafiq dövlət komitəsinin səlahiyyətlərinin artırılmasına zərurət var. Bir də sahə müvəkkillərinin əmək haqqının artırılması və münaqişəli ailələrə müdaxilə imkanlarını artırmaq lazımdır. Məsələyə müdaxilə olunmasa, hələ çox uşaqların və qadınların qətlinə şahid olacağıq”.
F.Mustafa qonşu ölkələrdə Azərbaycan əleyhinə onlarla saytın fəaliyyət göstərdiyini bildridi: “Namiq Haşımzadə adlı biri “Hizbullah”ın təmsilçisi kimi Bakıda yaşayır, nəinki məni, hətta prezidenti də təhqir edir. Onun yaydığı məlumatları sonradan digər saytlar da yayır. Bunun qarşısını almaq lazımdır”.
Zahid Oruc da ailə münaqişələrinin geniş yayılmasından danışdı. Həmçinin o, Avropa Birliyinin Krıma qarşı sanksiyalarını yenidən gündəmə gətirərək razılıq əldə olunmasından bəhs etdi: “Avropa Birliyi eyni sanksiyaları Dağlıq Qarabağa da tətbiq etməlidir”.
ABŞ Konqresi Gürcüstana 75 milyon, Ermənistana 25 milyon, Azərbaycana 23 milyon yardım ayırdı. Bu illərdə Ermənistana 2 milyarddan artıq, Qarabağa 83 milyondan çox yardım ayrılıb. ABŞ bu yardımı kəssə, Qarabağ probleminin həllinə yardımçı olar. Mən Avropa Birliyi və ABŞ-a müraciət edirəm ki, Ermənistana və Qarabağa yardımı dayandırsın”.
O.Əsədov dedi ki, bu yaxınlarda Osloda olanda da Ermənistana qarşı sanksiyaların tətbiq olunmamasına etiraz edib.
Fərəc Quliyev Rusiyadan qayıdan insanların Azərbaycanda fəaliyyət göstərməsinə dəstək məqsədilə fondun yaradılmasını təklif etdi: “Bu adamların külli miqdarda vəsaitləri Rusiyada qala bilər, yaxud onlar qayıdacağı halda burada işsiz qala bilərlər”.
Qüdrət Həsənquliyev prezidenti doğum günü və spikeri 60 illik yubileyi münasibətilə təbrik etdi, həmçinin Yeni il təbriklərini çatdırdı. Həmçinin o, İtaliyada, Vatikanda keçirdiyi görüşlərindən danışdı. O, Roma Papasının Ermənistan haqqında dediklərinə etirazını çatdırdığını da bildirdi.
Deputat Azərbaycanın səfiri ilə bağlı narazılığını da gündəmə gətirdi: “Bizim İtaliyadakı səfir tədbirə gəldi, cəmi bir neçə dəqiqə oturdu, Senatın sədri çıxış edəndən sonra onunla birgə çıxıb getdi. Biz Mübariz Qurbanlı ilə birgə görüş keçirdik, səfir bizi müşayiət etmədi, heç olmasa, səfirliyə çay süfrəsinə də dəvət etmədi. Hansı ki, Avropadan bura qonaqlar gələndə müvafiq ölkələrin səfriləri onları qarşılayıb, yola salırlıar. Məncə, bu məsələ XİN-in diqqətini cəlb etməlidir”.
Spiker İtaliyadakı səfirin kifayət qədər təcrübəli şəxs olduğunu bildirdi və məsələni araşdıracağını da vurğuladı.
Siyavuş Novruzov ABŞ-da insanlara verilən işgəncələr haqda yazılmış və həcmi 6 min səhifədən artıq olan hesdabatdan danışdı: “ABŞ rəhbərliyi də etiraf edir ki, terrorun qarşısnı almaq üçün işgəncələrə yol veriblər. Bəs 20 faiz ərazisi işğal olunan Azərbaycan terror aktının qarşısını almaq istəyəndə nədən bundan narahat olursunuz? Məlum olub ki, yüzlərlə insan günahsız olduğu halda işgəncəyə məruz qalıb. Budurmu insanlara hörmət, demokratiya və insan hüquqları? Adətən Milad bayramında hind quşunun soyqırımı olurdu, indi ABŞ 18-ci əsrə qaydıb, qaradərilərin soyqırımı gedir”.
Bəxtiyar Əliyev dedi ki, Azərbaycan əhalisinin böyük bir qismi Ermənistanın işğalı nəticəsində bələdiyyə seçkilərində öz iradəsini gerçəkləşdirə bilməyəcək. Deputat ATƏT-in Mink qrupunun həmsədrlərini işğal olunmuş ərazilərə Ermənistan deyil, Azərbaycan ərazisindən getməyə çağırdı.
İclas gündəlikdəki məsələlərin müzakirəsi ilə davam edir.
Elşad PAŞASOY