
MSK Müsavat üçün toplaşacaq
26 sentyabrda keçiriləcək referenduma bir ay qaldı. Bu arada məlum olub ki, Azərbaycan Milli Məclisi Referendum Aktını rəy verilməsi üçün Avropa Şurasının Venesiya Komissiyasına təqdim etməyib. APA-ya açıqlamasında Avropa Şurası Venesiya Komissiyasının xarici əlaqələr üzrə sözçüsü Tatyana Mışelova bildirib ki, Venesiya Komissiyası sentyabrın 26-da keçiriləcək referendumun predmeti olan Konstitusiyaya dəyişikliklər layihəsinə rəy üçün müraciət üzərində işləməyə hazırdır.
T.Mışelova qeyd edib ki, son illər Azərbaycanla Venesiya Komissiyası arasında çox məhdud əməkdaşlıq nəzərə çarpır: “Bu günə kimi də biz nə Azərbaycan rəsmilərindən, nə də Avropa Şurasının və digər beynəlxalq təşkilatların müvafiq orqanlarından Konstitusiyaya dəyişikliklər layihəsinə rəy verilməsi ilə bağlı sorğu almışıq”.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli isə hesab edir ki, Azərbaycan hökumətinin Konstitusiyaya dəyişikliklər sənədini Venesiya Komissiyasına təqdim etməməsi suallar yaradır: “Əvvəla, təqdim edilən Referendum Aktı ölkənin hüquqi-siyasi sistemi ilə bağlı ciddi dəyişiklikləri nəzərdə tutsa da, bu layihənin nə parlament, nə də geniş ictimai-siyasi çevrələrdə müzakirələri keçirilmədən ictimaiyyətə açıqlanması suallar yaradıb. Referendum aktı ilə bağlı sual doğuran digər məsələ bu sənədin Avropa Şurasının qanunvericlik üzrə Vensiya Komissiyasının rəyinin öyrənilməsi üçün təqdim edilməməsədir. Bununla da hakimiyyət Konstitusiyaya təklif edilən dəyişikliklərin Avropa Şurası standartlarından uzaq olduğunu etiraf etmiş oldu. Hərçənd 2009-cu ildə Konstitusiyaya təklif olunan dəyişikliklər üzrə Referendum Aktı da beynəlxalq ekspert rəyi almaq üçün Avropa Şurasına müraciət olunmamışdı və bunla bağlı Avropa Şurası Baş katibinin müraciəti əsasında Avropa Şurası Venesiya Komissiyası rəyini açıqlamışdı. Komissiya dəyişikliklərin gələcəkdə konstitusion islahatlar ehtiyacını aradan qaldırmadığını bəyan etmişdi.
Referenduma hazırlıq ictimaiyyətdən gizlədilsə də, hakimiyyətin buna hazırlığa 2013-cü il prezident seçkilərindən sonra başladığını təxmin etmək olar.
Hazırda 23 avqust 2002-ci ildə və 18 mart 2009-cu ildə keçirilmiş referendumlardan fərqli olaraq, vətəndaş cəmiyyəti təşkilatlarının seçicilərin maarifləndirlməsi, seçki hüquqlarının müdafiəsi və yerli seçki müşahidəçiliyinin təşkili ilə bağlı fəaliyyət göstərməsinə imkan yoxdur. Faktiki olaraq, milli əhəmiyyətli proses vətəndaş cəmiyyətinin neytrallaşdırılması şəraitində baş verir”.
Mərkəzi Seçki Komissiyası isə referenduma hazırlıq işlərini davam etdirir. Əldə etdiyimiz xəbərə görə, hazırda Müsavat Partiyasının yaratdığı “Respublika” təşviqat qrupunun qeydə alınıb-alınmayacağı ilə bağlı bu günlərdə MSK-nın iclası olacaq.
Müsavat Partiyasının Divan üzvü İkram İsrafil bildirdi ki, imzaların təqdim edilməsindən artıq 4 gün keçir. Qanunla uzağı 7 gün ərzində məsələyə baxılmalı və qərar verilməlidir: “Müsavat Partiyasının yaratdığı ”Respublika” təşəbbüs qrupu qeydə alınması üçün lazım olan 40 000 imzadan xeyli artıq sayda imza toplayıb və MSK-ya təhvil verib. Yəni bu dövr üçün Müsavat Partiyası üzərinə düşən böyük bir missiyanı yerinə yetirib. Yerli icra hakimiyyətləri və digər qurumların basqısı altında 42 minə yaxın imzanı yığacaq digər təşkilat tanımıram.
O ki qaldı qeydiyyata alınmağımıza, bu bizdən asılı məsələ deyil və partiyamızda da bu barədə məlumat yoxdur. Bu məsələ MSK-nın səlahiyyətindədir. Amma MSK öz arzusu və istəyi ilə bu məsələdə sərbəst qərar vermək imkanında deyil. PA-dan nə sifariş gələcəksə MSK da o qərarı verəcək. Bu məsələlər barədə kifayət qədər təcrübəm var deyə bunu əminliklə deyirəm. Amma hər halda qeydə alsalar da almasalar da Müsavat doğru bildiyi yolunu getməkdə davam edib, edir və edəcək.
“Respublika” təşəbbüs qrupunun qeydiyyata alınmaması üçün heç bir hüquqi əsas yoxdur. Qeydə alınacağımız təqdirdə görəcəyimiz işlər başqa, qeydə alınmayacağımız halda görəcəyimiz işlər başqadır. Müsavat Divanında, hər iki variantda görəcəyimiz işləri və atacağımız addımları müzakirə edirik. Hər iki variant üçün aldığımız qərarlar barədə zamanında ictimaiyyətə məlumat verəcəyik”.