
Natiq Cəfərli: “Hazırda hökumət birmənalı şəkildə, kiçik və orta biznesi çökdürməklə məşğuldur”
Manatın devalvasiyası ilk olaraq, ərzaq məhsulların qiymətində özünü göstərdi. Bir neçə gün ərzində market və bazarlarda həm yerli, həm xarici ərzaq məhsulları 30-35 faiz bahalaşdı. Hökumət inzibati yollarla qiymət artımının qarşısını almağa çalışsa da, sonradan bunun mümkün olmadığını etiraf etməyə məcbur oldu.
İqtisadçı ekspertlərin proqnozlarına görə, nə manatın bahalaşması, nə də ərzaq məhsullarının ucuzlaşması gözlənilmir. Qida sektorundan asılı olan xidmət sahələrindən biri də şadlıq sarayları olduğu üçün bu günlərdə onların da öz menyularında qiymət dəyişikliyinə üstünlük verəcəkləri gözlənilir.
Belə ki, hazırda restoran menyularının əsasını təşkil edən ərzaq məhsulları, spirtli içkilər 30 faizdən artıq bahalaşıb və bu, şadlıq saraylarında qiymətlərin artması ilə nəticələnə bilər. Hazırki durumda qiymət artımının olub-olmadığını öyrənmək üçün bir neçə şadlıq sarayı ilə əlaqə saxladıq.
“Venesiya” şadlıq sarayının administratoru Bayram Əyyubov vəziyyətin acınacaqlı olduğunu bildirdi:“Ərzaq məhsullarının bahalaşması yox, vergi müfəttişlərinin və digər qurumlardan gələn yoxlamaların qoyduğu cərimələr bizi pis vəziyyətdə qoyur. Bu gün 5 müxtəlif qurumdan yoxlama üçün gəliblər, eyni məsələni bir neçə qurum yoxlayır. Vergiləri o qədər artırıblar ki, restoran sahibi müflis olmamaq üçün qiymətləri artırmağa məcburdur. Bizim qiymətlərdə hələ ki, fərq yoxdur. Ancaq belə davam etsə, çox güman ki, restoranların 30 faizi bağlanacaq. Vergilər Nazirliyi əvvəl bizimlə portnyor kimi işləyirdi, hər il xronometraj aparırdı. Qanunla həyata keçirilən bütün tədbirlərə, cərimələrə razıyıq. Ancaq bizim restorana monitor quraşdırıb, aylıq işimizə də nəzarət edəcəklər. Bu, qanunla yolverilməzdir. Digər tərəfdən Əmək Müfəttişliyi bizi məcbur edir ki, çalışan bütün ofisiantları işə götürüm. Bizdə ay ərzində bir neçə dəfə toy olur. Mən hər ofisianta aylıq əməkhaqqı, üstəgəl bunun vergisini və sair necə ödəyim? Fövqəladə Hallar Nazirliyi təhlükəsizliyə görə, İqtisadi İnkişaf Nazirliyi də qiymətlərə görə yoxlama aparır. Bir biznes qurumunu 18 dövlət təşkilatı yoxlayırsa, orada hansı işdən söhbət gedə bilər. Hər gün həyəcan içindəyik, rahatlığımız yoxdur. Biz dövlətimizi sevirik, onun vergisini də vaxtlı-vaxtında ödəyirik. Ancaq belə getsə, fəaliyyətimizi dayandırmalı olacağıq”.
Qeyd edək ki, əlaqə saxladığımız digər restoranlar vergilərlə bağlı narahatlığın olmadığını bildirsələr də, bahalaşma səbəbindən qiymət artımlarının qaçılmaz olduğunu dedilər.
“Xudafərin” şadlıq sarayının administratoru bildirdi ki, növbəti ayda qiymətlərin artıb-artmayacağı bəlli olacaq: “Manatın ucuzlaşmasından əvvəl bizim müştərilərlə müqavilələrimiz, razılaşmalarımız olub. İndi bu razılaşmaya zidd gedib, qiyməti artıra bilmərik. Ancaq növbəti aydan hər şey bəlli olacaq. Hazırda hamı gözləmə mövqeyindədir. Biz də əvvəlki qiymətlərlə işləyirik. Stolların qiyməti 35-45 manat arasındadır”.
“Səma” şadlıq sarayının administratoru Şahin Rzayev bildirdi ki, vergilərlə bağlı hər hansı narahatlıq yaşanmır: “Vergilərlə bağlı problemimiz yoxdur. Çünki bu aralar işlərimiz də zəif gedir. Biz hazırki qiymətlərlə öncədən sövdələşmişik, indi qaldıra bilmərik. Bundan sonra qiymətlərin necə olacağına isə rəhbərlik qərar verəcək”.
“Praqa” şadlıq sarayının administratoru Şahmar Alışov bildirdi ki, bahalaşma səbəbindən qiymət artımı qaçılmazdır: “Hələlik heç bir qiymət artımına yol verməmişik. Ancaq uzun müddət belə davam edərsə, qiymətlər arta bilər. Çünki xaricdən gətirilən məhsullar, xüsusən də spirtli içkilər kəskin bahalaşıb. Qiymətlər bayramdan sonra məlum olacaq. Hələlik hamı gözləmə mövqeyindədir”.
“Çingiz xan” restoranının administratoru Münasib Abdullayev də qiymətlərin dəyişmədiyini qeyd etdi:“Qiymətlər dəyişməyib, əvvəl necə idisə, indi də elədir. Stolların qiyməti 40-60 manat arasındadır. Bundan sonra necə olacağı bayramdan sonra bəlli olacaq. Çünki hazırki bahalığın bir qismi də bayrama görədir”.
Bu mövzu ilə bağlı fikirlərini musavat.com-la bölüşən iqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, hökumətin sahibkarlara qarşı həyata keçirdiyi sərt inzibati tədbirlər daha çox qiymət artımına səbəb olacaq: “Çox təəssüf ki, hökumət manatın devalvasiyasından sonra hökumət iqtisadi islahatlar paketi işləyib, hazırlamaqdansa, əlavə addımların atılacağını, kiçik və orta biznesə dəstək planlarının olacağını deməkdənsə, əksinə, yalnız inzibati yolla kiçik və orta biznesin üzərinə getməklə büdcə itkilərini kompensasiya etməyə çalışır. Hazırda hökumət birmənalı şəkildə, kiçik və orta biznesi çökdürməklə məşğuldur. İnzibati yollarla nə qədər çox inzibati müdaxilələr olacaqsa, təbii ki, iqtisadi proseslərin normal axını pozulacaq və daha çox qiymət artımı üçün zəmin yaranacaq. Nə qədər çox inzibati orqan biznesə müdaxilə edirsə, bu, daha çox qiymət artımı deməkdir. Azərbaycan reallıqlarını nəzərə alsaq, gəlib-gedənləri “yola salmaq” lazımdır və bütün bu xərclər sonradan məhsulların və xidmətlərin üzərinə qoyulur. Ona görə də, mən restoran sahiblərinin narahatlığını anlayıram. Onların qiymət artımına getməmək kimi bir lüksü yoxdur. Ölkədə istehsal olunan və idxal olunan məhsulların qiyməti daha çox artacaq. Hələlik inzibati addımlarla bunun qarşısı alınır. Devalvasiyadan öncə alınan məhsullar anbarlarda ehtiyatda var və onlardan istifadə olunur. Ancaq ən geci bir aydan sonra bütün bu amillər də aradan qalxacaq. Nə qədər ki, yetkili orqanlar biznes idarələrinə müdaxilə edəcəklər, bu, iş yerlərinin bağlanmasına, insanların müflis olmasına, insanların iş yerlərini itirməsinə, son nəticədə isə qiymətlərin daha sürətlər artmasına gətirib çıxaracaq. Birmənalı şəkildə deyə bilərik ki, indi atılan iqtisadi addımların heç bir effekti yoxdur. Əksinə bu, vəziyyəti daha da kəskinləşdirir və bir neçə həftədən sonra biz bunun fəsadlarını daha aydın şəkildə görəcəyik”.