
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.
Elchi.az-ın Report-a istinadən məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunur.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında V.Zeynalovun 14 il, B.Hüseynovun 15 il, A.Mustafayevin 8 il, Q.Bəybalayevin 10 il, E.Məmmədovla N.Məmmədovun hər birinə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Digər təqsirləndirilən M.Məmmədov, C.Cəfərov, S.Hümbətov, B.Vəliyev və O.Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunmaqla, onlara şərti cəza verilməsini tələb edib. Dövlət ittihamçısı, həmçinin təqsirləndirilən şəxslərə məxsus üzərinə həbs qoyulmuş əmlaklar dövlətə dəymiş ziyanın ödənilməsinə yönəldilməsini istəyib.



