Jurnalist Xədicə İsmayıl 4 saatdan artıq Bakı hava limanında saxlanıldıqdan sonra sərbəst buraxılıb. Sonda gömrükcülər jurnalistin flaş kartlarını onlara verməsi tələbindən vaz keçiblər.
“Çıxdım. Dedilər flash kart usb kart deyil deyə heç onlara lazım da deyil. Mən də bundan sonra fotoaparata salıb göstərdim ki, kart boşdur. Çox hirsləndilər”, – deyə jurnalist bildirib.
Jurnalist Xədicə İsmayıl Strasburqdan gələrkən Bakı hava limanında saxlanıb. O, gömrük əməkdaşları tərəfindən bir otağa gətirilib və orada saxlanılır.
X.İsmayıl Amerikanın Səsinə bildirib ki, əvvəlcə pasportunu yoxlayıblar. “Gömrük əməkdaşları çemodanıma çox diqqətlə baxış keçirdilər. Sonra üstümü, ciblərimi yoxladılar. Bank kartlarımı alıb yoxladılar. Hiss etdim ki, cibimdə az pul olması onları məyus etdi. Cəmi 201 dollar, 50 avro, 7 manat pulum var”.
Bundan sonra gömrük əməkdaşı jurnalistin flaş kartlarını yoxlamaq üçün almaq istəyib. “Bu zaman mən flaş kartlarımı vermədim. Mən jurnalistəm və kartlarda mənim yazılarım var.
Gömrük əməkdaşları təkid edir və mən flaş kartları vermirəm. İndi deyirlər, aktlaşdırıb polisə təhvil verəcəyik. Gömrük məmuru deyir ki, şübhələnirəm, flaş kartlarda dövlətçiliyə zidd məlumatlar var. Ona görə buraxa bilmərik”, deyə X.İsmayıl Amerikanın Səsinə bildirib.
Xatırladaq ki, Xədicə İsmayıl bu günlərdə siyasi məhbuslara azadlıq tələbi ilə keçirilən aksiyada və Strasburqda Azərbaycanda artan təzyiqlərlə bağlı dinləmələrdə iştirak etdikdən sonra onun Bakı hava limanında saxlanacağı ilə bağlı şayiələr yayılıb.




